...

Azərbaycanda "Ermənistanın xarici siyasəti 1991-2012" adlı monoqrafiya hazırlanacaq

Siyasət Materials 28 Dekabr 2013 10:23 (UTC +04:00)
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2012-ci ildə aldığı maliyyə yardımı çərçivəsində “Ermənistanın xarici siyasəti 1991-2012” adlı monoqrafiya hazırlayacaqdır.
Azərbaycanda "Ermənistanın xarici siyasəti 1991-2012" adlı monoqrafiya hazırlanacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2012-ci ildə aldığı maliyyə yardımı çərçivəsində "Ermənistanın xarici siyasəti 1991-2012" adlı monoqrafiya hazırlayacaqdır. Monoqrafiya siyasi elmlər doktoru Hatem Cabbarlı tərəfindən yazılacaqdır.

Mərkəzdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində kitab hazırlanması üçün aparılacaq tədqiqatın məqsədi müstəqilliyini elan edərək dünya dövlətləri arasında yer alan, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Dünya Ticarət Təşkilatı (DTT), Avropa Şurası (AŞ) kimi beynəlxalq təşkilatlara üzv olan Ermənistanın 1991-2012-ci illərdə həyata keçirdiyi xarici siyasət kursuna aydınlıq gətirmək və elmi səviyyədə dəyərləndirməkdir.

Bu çərçivədə Ermənistanın xarici siyasətini formalaşdıran amillər, erməni milli kimliyi, Asiya, şərq, xristianlıq, geosiyasi mövqeyi, bəşəri potensial ünsürlər, diaspor, Hay Dat (erməni məhkəməsi) doktrinası, demoqrafik xüsusiyyətləri, siyasi liderlər, təhlükəsizlik qüvvələri, qondarma "erməni soyqırımı", "Böyük Ermənistan" xülyası baxımından Ermənistanın Azərbaycan və Türkiyə; region siyasəti çərçivəsində Rusiya, İran və Gürcüstan siyasəti; Ermənistan xarici siyasətinin təhlükəsizlik problemləri, Aİ, AŞ və ABŞ ilə münasibətləri araşdırılacaq və elmi kontekstdə dəyərləndiriləcək.

Tədqiqatda Ermənistanın xarici siyasətinin qarşılıqlı asılılıq nəzəriyyələri, bu ölkənin lehinə və əleyhinə cərəyan edən əmredici (imperativ) şərtlərin səbəbləri təhlil ediləcək.

Tədqiqatda ümumən rus, erməni, ingilis, Azərbaycan və digər dillərdəki mənbələrdən istifadə edilməsi nəzərdə tutulur ki, bu da tezislərdə irəli sürülən görüşlərin dəstəklənməsinə, Ermənistanın xarici siyasət doktrinasına aydınlıq gətirilməsinə, təhlükəsizlik, iqtisadi və xarici siyasətinin daha geniş bir şəkldə dəyərləndirməsinə imkan verəcək.

Ermənistan xarici siyasətinin dəyərləndirilməsi və analiz edilməsi Azərbaycanın və Türkiyənin bu ölkəyə qarşı xarici siyasətinin formalaşması üçün də əhəmiyyətlidir. Tədqiqat və onun nəticəsi olacaq monoqrafiya xüsusilə də, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi probleminin və qondarma "erməni soyqırımı"na qarşı Türkiyənin xarici siyasətinin formalaşması prosesində hansı strategiya və taktikalara üstünlük vermələri baxımından böyük əhəmiyyət daşıyacaq.

Monoqrafiya xarici siyasət, təhlükəsizlik, sosial-iqtisadi və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarına, siyasətçilərə və dövlət mexanizmində qərar vermək səlahiyyətində olanlara fikir verməsi və ümumi vəziyyətin dəyərləndirilməsi baxımından əhəmiyyətli bir mənbə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti