...

Prezident Administrasiyasında şöbələr arasında qarşıdurmanın olması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Siyasət Materials 7 Mart 2014 14:43 (UTC +04:00)
Bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma baş verdiyini iddia edirlər. Bu, əsla belə deyil.
Prezident Administrasiyasında şöbələr arasında qarşıdurmanın olması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma baş verdiyini iddia edirlər. Bu, əsla belə deyil. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, cəmiyyətdən müəyyən siqnallar gələ bilər: "Biz də, digər strukturlar da bunu araşdırmalıyıq. Dövlət strukturunda çalışan hər bir məmur öz fəaliyyətini "Dövlət qulluğu haqqında" Qanuna və işlədiyi orqanın əsasnaməsinə uyğun qurmalıdır. Biz məmur olaraq Prezident Administrasiyasında yalnız cənab Prezidentin qoyduğu vəzifələri icra etmək üçün çalışırıq. Əgər dövlət qulluğunda ola-ola, vəzifə tutarkən siyasətə, yaxud bu və ya digər cərəyana qoşuluruqsa, məmurluqdan çıxırıq. Qarşıdurma meyilləri yaratmaq və onları qızışdırmaq istəyən qüvvələr ola bilər. Bəzi siqnalların içərisində həqiqət də ola bilər. Çünki Azərbaycan insanının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Buna görə də, dövlət qulluqçuları, məmurlar öz vəzifə səlahiyyətlərini qanunun tələblərinə uyğun həyata keçirməli, məsuliyyətli olmalıdırlar".

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dinlə bağlı görülən işlərə toxunan PA rəsmisi bildirib ki, Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanması və möhkəmlənməsində ən çox maraqlı olan və bu istiqamətdə əməli fəaliyyət göstərənlər Azərbaycan hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsidir: "Hörmətli şeyxülislam hacı Allahşükür Paşazadənin fəaliyyəti ölkəmizdə dini tolerantlıq mühitinin qorunmasında ən dəyərli nümunədir. Əgər Azərbaycandakı dövlət-din münasibətləri modeli uğur qazanıbsa, bu modeli nəyə görə dəyişməliyik? Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini Azərbaycanda mövcud olan balansı və modeli gözləyərək həyata keçirir. Eyni zamanda, idarə müvafiq maarifçilik işləri aparır, müzakirələr təşkil edir, kurslar yaradır. Azərbaycanın dini modeli, onun tarixi, Azərbaycan dövlətinin bu sahədə yürütdüyü siyasət təbliğ olunur. Buna görə də Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dəstəkləyir. Düşünürük ki, idarənin gördüyü işlər yaxın vaxtlarda daha səmərəli nəticə verəcəkdir".

Ə.Həsənov deyib ki, QMİ-nin tərkibində çox gözəl dinamika qurulub, dini balans qorunub saxlanılır və bu model də inkişaf etdirilməlidir: "O fikir ilə razıyam ki, Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. QMİ-də artıq kurslar yaradılıb və bu kurslarda nəinki molla, axund, imamlarımızın xütbələri, məscidlərdə səsləndirdikləri moizələr və digər məsələlərlə bağlı onlarla iş aparılır. Eyni zamanda biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq. Azərbaycanın tarixi, din tarixi ilə, adət-ənənələri ilə bağlı, Azərbaycan dövlətinin yürütdüyü siyasətlə, qonşularımızla, dünyada baş verən proseslərlə bağlı onların biliklərinin artırılması vacibdir. Bu məsələ də diqqətdədir və bu gün bu istiqamətdə iş gedir".

Ə.Həsənov Mətbuat Şurasının belə təşəbbüslərinin bundan sonra da davam etməli olduğunu vurğulayıb: "Media orqanları hardasa qarşıdurma yaratmaq yox, belə problemlər mövcuddursa, onların köklərini tapıb təhlil etmək və cəmiyyətə düzgün siqnallar vermək istiqamətində işləməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti