Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir R.Hafizoğlu/
İstanbul valiliyi 1 May yürüşlərinin Taksim meydanında keçirilməsini münasib hesab etmir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.
Valilik 1 May yürüşləri zamanı təxribat hallarının baş verə biləcəyi haqqında məlumatların olduğunu da açıqlayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır.
Ərdoğan həmçinin deyib ki, hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil.
Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib ki, 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək: "Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün uyğun yer deyil, bu səbəbdən də 1 May yürüşləri Taksimdə deyil, başqa yerlərdə keçirilsin".
Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.
Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.