Azərbaycan, Bakı, 1 avqust /Trend/
Avqustun 1-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının III plenumu keçirilib.
Trend AzərTAc-a istinadən məlumat verir ki, plenum iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş veteranların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra təşkilatı məsələlərə baxılıb və plenumun rəyasət heyətinin tərkibi təsdiq olunub. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qurumun son altı ayda gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib. Qeyd edilib ki, hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının artmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib.
Dövlətimizin başçısının veteranlara göstərdiyi diqqətdən bəhs edən məruzəçi bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu kateqoriyadan olan şəxslərə verilən müavinətlərin artırılması və avtomaşınla təmin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyev Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü günündə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri ilə maraqlanıb. D.Rzayev bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məruzəçi qeyd edib ki, II plenumdan ötən müddətdə Veteranlar Təşkilatı çoxsaylı tədbirlər, o cümlədən cəbhə bölgələrində və rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirib.
2015-ci ildə faşizm üzərində Qələbənin 70-ci ildönümünü yüksək səviyyədə qeyd etməyə hazırlaşan təşkilat Azərbaycan xalqının Böyük Vətən müharibəsində rolunun geniş təbliği, ordu və xalq arasında münasibətlərin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirməyi də nəzərdə tutur. Veteranlar Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə MDB-nin müvafiq qurumları ilə əməkdaşlığı daha da gücləndirməyi əsas vəzifə kimi qarşıya qoyub.
Plenumda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nizamnaməsinə əlavə və dəyişikliklər edilib.
Sonra gündəlikdə duran bir sıra təşkilati məsələlərə baxılıb.
Qurumun rayon təşkilatlarının sədrləri plenumda çıxış edərək ötən müddətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Plenumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Veteranlar Təşkilatının cəmiyyətimizin həyatında mühüm rol oynadığını bildirib. Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyev veteranların problemlərinə həmişə böyük diqqət göstərir, bununla bağlı tapşırıqlar verir. İşi lazımi səviyyədə qurmaq üçün Veteranlar Təşkilatına hər cür şərait yaradılır. Buna cavab olaraq veteranlar da öz işlərini gücləndirməli, fəaliyyətlərini Azərbaycan Prezidentinin tələbləri əsasında qurmağa çalışmalıdırlar.
Qarşıda duran vəzifələrdən danışan Ərəstun Mehdiyev diqqətə çatdırıb ki, əsas məqsədlərdən biri qurumun fəaliyyətinin təşkilatı baxımdan daha da canlandırılması və müasirləşdirilməsidir. Təbliğat və təşviqat işinin ardıcıl aparılmasının vacibliyini xüsusi vurğulayan Prezident Administrasiyasının rəsmisi ölkəmizdə müxtəlif sahələrdə qazanılan uğurların təhlil olunaraq geniş ictimaiyyətə, xüsusən gənc nəslə çatdırılmasında veteranların rolunu yüksək qiymətləndirib. Qeyd edilib ki, qarşıda duran daha bir mühüm vəzifə Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin gücləndirilməsidir. Təşkilat ölkəmizin mənafelərindən irəli gələn məsələləri beynəlxalq qurumlar qarşısında vaxtaşırı qaldırmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə xəttində baş verən proseslər və digər məsələlər barədə öz mövqeyini bildirməlidir. Kəlbəcər rayonu ərazisində girov götürülmüş vətəndaşlarımızla bağlı Minsk Qrupunun həmsədr ölkələrinə veteranların müraciəti Azərbaycanın haqlı mövqeyinin çatdırılması baxımından əhəmiyyətli olardı. Təşkilat həm ölkə daxilində, həm də beynəlxalq arenada dövlətimizin, xalqımızın, cəmiyyətimizin mövqeyinin ifadə olunmasında öz sözünü deməlidir.
Ərəstun Mehdiyev yerlərdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi məsələsində də Veteranlar Təşkilatının öz üzərinə düşən vəzifələrə yenidən baxmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, gənclərlə mütəmadi görüşlər təşkil olunmalı, onlarla söhbətlər aparılmalıdır.
Plenumda Respublika Veteranlar Şurası adından insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı bəyanat qəbul olundu, həmin şəxslərin təcili azad olunması tələb edildi.
Sonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, veteran hərəkatında və veteranların sosial problemlərinin həllində fəal iştirak etdiklərinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim olundu.