Azərbaycan, Bakı, 4 avqust /Trend/
Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
2002-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsindən sonra Türkiyədə bir çox sahələrdə dəyişiklik müşahidə olundu.
Bir çox siyasi analitiklər AKP-nin 12 illik zəfərinin partiyaya alternativin olmaması, xalqın digər siyasi partiyalara inamlarının itməsi ilə izah etsələr də, əslində bu uğurun başlıca səbəbi partiyanın Baş nazir Rəcəb Tayyib Ərdoğanın simasında İslam dünyasına məxsus ənənəvi siyasi düşüncədən və "özünə qapalı" Türkiyə anlayışından ayrılaraq, ölkənin reallığı ilə ayaqlaşan siyasi xətt tutması idi.
Bir vaxtlar Yaxın Şərqdə baş verən hadisələrdə "siyasi payı" olmayan Ankara AKP-nin hakimiyyətə gəlməsi ilə bu regionda cərəyan edən olayların ayrılmaz hissəsi oldu. Məhz AKP-nin hakimiyyətə gəlməsi ilə Ankaranın Yaxın Şərqə və ümumilikdə ərəb dünyasına yönəlmiş siyasətində ciddi irəliləyiş baş verdi.
Belə ki, hazırkı xarici işlər naziri Əhməd Davudoğlunun müəllifi olduğu "Qonşularla sıfır problem" siyasəti ilə Ankara bir vaxtlar gərgin münasibətləri olan Suriya, İraq və bir sıra ərəb ölkələri ilə yaxınlaşmağa başladı. Ankaranın ərəb ölkələri ilə yaxınlaşma siyasəti bir mənalı qarşılanmasa da, bu addım qaçılmaz idi.
Qonşu ərəb ölkələrində ciddi lider, siyasi fikrin olmaması, iqtisadi problemlərin artması, regionda İslam amilinin ciddiliyi, ənənəvi islamçı olmayan Ərdoğan hakimiyyəti üçün əsl fürsət idi. Təbii ki, Ankara bu fürsəti əldən vermədi və əvvəlki illərdən fərqli olaraq bir zamanlar əbədi müttəfiqi hesab edilən İsraildən uzaqlaşaraq ərəb dünyasına yaxınlaşmağa başladı.
AKP-nin hakimiyyətə gəlişi ilə ölkədə sadəcə bu yöndə deyil, eyni zamanda, Qərbə yönəlmiş addımlar atılmağa başlandı.
2005-ci ildən etibarən Ankara ilə Aİ arasında rəsmi danışıqlar başlandı. Danışıqların başlanması ilə Ankara ölkə daxilində bir sıra ciddi siyasi və iqtisadi islahatlara start verdi.
Ən önəmli iqtisadi islahatlardan biri isə ölkə lirəsinin "altı sıfırdan" qurtarılması idi. Məhz 2005-ci ildə yeni Türkiyə lirəsi dövriyyəyə buraxıldı. Ərdoğanın bu addımının ölkəni ciddi iqtisadi böhrana salacağı ehtimal edilsə də, gözlənilənlər olmadı. Tam əksinə, 2008-ci ildə Türkiyə ölkə tarixində ilk dəfə Beynəlxalq Valyuta Fondunun borc təklifindən imtina etdi və 2013-cü ilin may ayında Ankara BVF-yə olan bütün borcunu ödədi. İqtisadi islahatlar nəticəsində ölkədə işsizliyin aradan qaldırılmasında nəzərəçarpacaq dərəcədə irəliləyiş oldu. Ölkənin ixracatı 2003-cü ildən 2013-cü ilə qədər 3,2 dəfə artaraq 152 milyard dollar təşkil etdi, bu göstərici 2003-cü ildə 47,3 milyard dollar idi.
Demək olar ki, hər sahədə, o cümlədən insan hüquqları sahəsində də Ankara bir çox islahatlar apardı. Bu islahatların Aİ-yə üzvlük üçün aparıldığını ehtimal edənlər olsa da, 2005-ci ildən bu günə qədər Ankara-Aİ münasibətlərinə nəzər salınsa, bunun əsla belə olmadığını görmək olar.
İslahatlara baxmayaraq,Türkiyə rəsmiləri yaxşı bilirlər ki, Avropa İttifaqı müsəlman Türkiyə üçün sadəcə və sadəcə ucsuz-bucaqsız bir tuneldir və tunelin sonunda "işıq" görünmür. Ölkə rəsmilərinin "Türkiyə Aİ-yə olan marağını itirir" bəyanatı nəzərə alınsa, Ankara-Aİ münasibətlərinin sonunun olmayacağını söyləmək olar. Bu reallığı nəzərə alan Türkiyə dilə gətirməsə də, ölkənin Yaxın Şərqdə söz sahibi olmağı hədəf seçdiyini açıq şəkildə görmək olar.
Ərəb baharının başlanması ilə Tunis inqilabı, Misir, Liviya və Suriyada baş verən hadisələrdə Türkiyənin tutduğu mövqe Ankaranın nüfuz dairəsinin pik nöqtəsi hesab edilə bilərdi. Lakin daha sonradan Suriya və Misirdə "ərəb baharının" fiaskoya uğraması gözlənilənləri demək olar ki, alt-üst etdi. Türkiyə yürütdüyü xarici siyasət nəticəsində Misir, İraq və Suriyanı demək olar ki, tamamən itirdi.
Türkiyədə 2002-ci ildən bu günə qədər aparılan və birmənalı olaraq qəbul edilməyən iqtisadi islahatlara nəzər salınsa, Ankaranın bu sahədə həqiqətən də qalib olduğunu söyləmək olar.
Ölkənin xarici siyasətinə gəlincə isə real vəziyyətdə Türkiyənin demək olar ki, təklənmiş olduğu göz qarşısındadır. Lakin bu, o demək deyil ki, Ankaranın söz sahibi olmaq üçün fürsətləri tükənib.
Davam edən İsrail-Fələstin münaqişəsi, HƏMAS-ın varlığı, qonşu İraqda İŞİD təhlükəsi, Bağdaddan daha güclü siyasi iradəyə sahib olan və Ankaraya bağlı olan Kürd administrasiyasının varlığı, Suriya müxalifətinin Ankara ilə münasibətləri Türkiyənin regionda sözünü demək üçün fürsətlərin tükənmədiyini söyləməyə əsas verir.
Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyini təxmin etmək çətin olmadığı üçün seçki sonrası Ankaranın daxili siyasətində dəyişiklik gözlənilsə də, xarici siyasətində ciddi dəyişikliyin olmayacağını söyləmək olar.