Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Səbinə Əhmədova/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.
Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
E.Məmmədyarov V.Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. O, Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
V.Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.