Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Səbinə Əhmədova/
Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-9-da Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Avropa komissarının Azərbaycana səfərinin məqsədi Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak etməkdir.
Bu görüşün keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.
Ş.Fülenin Azərbaycan rəsmiləri ilə Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 8-də "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü ilə yanaşı, sentyabrda 9-da Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır.