...

Səfir: Koreya Respublikası və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün böyük potensial var

Siyasət Materials 1 Oktyabr 2014 22:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Koreya Respublikası və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün böyük potensial var. Trend-in məlumatına görə, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ölkəsinin milli bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

Səfir bildirib: "Bu il Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 22-ci il dönümü qeyd olunur. Hər iki ölkə mövcud əlaqələri möhkəmləndirməklə, ikitərəfli əməkdaşlığı daha da genişləndirmişdir. Təkcə ötən bir ildə biz əməkdaşlığın müxtəlif yeni sahələrinin inkişafının şahidi olmuşuq".

Səfir hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinə toxunaraq, onların əməkdaşlığın inkişafında böyük rol oynadığını bildirib.

Səfir qeyd edib ki, iqtisadi sahədə də ümidverici əlamətlər nəzərə çarpmaqdadır: "İlk dəfə olaraq, Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlak sahəsinə Seulda sərmaye yatırmışdır. Aprel ayında Bakıda iki kiçik faiz dərəcəli kredit sazişi imzalanmışdır. Koreya İxrac İdxal Bankı Pirşağı ərazisində çirkab sularının təmizlənməsi qurğularının inşası üçün Azərsu Açıq Səhmdar Cəmiyyətinə 44 milyon dollar dəyərində kredit ayırmışdır.

Dəyəri 23 milyon ABŞ dolları təşkil edən digər kredit isə Peşə Təlim Mərkəzinin təsis olunması məqsədi ilə Azərbaycanın Təhsil Nazirliyinə ayrılmışdır".

Səfir həmçinin qeyd edib ki, Koreya Səfirliyi xalqlar arasında qarşılıqlı anlaşmanın daha da genişlənməsi məqsədi ilə müxtəlif proqramlar həyata keçirir: "Bu il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi və Koreya şirkətlərinin iştirakı ilə səfirliyimiz Yevlax və Gəncə məktəblərindəki məcburi köçkün uşaqları üçün tədbirlər həyata keçirmişdir. Bu kimi tədbirlərin davam edəcəyi gözlənilir".

Tədbirdə çıxış edən Azərbaycanın Nəqliyyat Nazirinin müavini Musa Pənahov Azərbaycan Respublikası höküməti adından Koreya Respublikasını milli bayramı münasibəti ilə təbrik edib.

Nazir müavini qeyd edib ki, böyük tarixə, mədəniyyətə malik ölkələrimizin keçdiyi inkişaf yolu iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsinə böyük təsir göstərmişdir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinən sonra iki ölkə arasında yüksək siyasi və iqtisadi münasibətlərin və əməkdaşlığın əsası qoyulub:"

Azərbaycan və Koreya arasında çox tərəfli əməkdaşlığın əsasını göstərən 50-dən artıq saziş və müqavilələr imzalanmışdır ki, bunlar da iki tərəfli əməkdaşlığın hüquqi bazasını formalaşdırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti