...

İSESKO-nun baş direktoru: Bakıda keçirilən bir sıra əhəmiyyətli qlobal forumlar bütün dünyanın diqqətini cəlb edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2014 13:26 (UTC +04:00)
Bakıda keçirilən bir sıra beynəlxalq forum və konfranslar bütün dünyanın diqqətini Azərbaycana cəlb edib.
İSESKO-nun baş direktoru: Bakıda keçirilən bir sıra əhəmiyyətli qlobal forumlar bütün dünyanın diqqətini cəlb edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Seymur Əliyev/

Bakıda keçirilən bir sıra beynəlxalq forum və konfranslar bütün dünyanın diqqətini Azərbaycana cəlb edib. Trend xəbər verir ki, bunu cümə axşamı Bakıda IV Beynəlxalq Humanitar Forumun açılışı zamanı İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında deyib.

Baş direktor bildirib: "Bakıda dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üzrə onlarla beynəlxalq konfrans keçirilib və onlardan bəziləri o qədər uğurlu olub ki, İSESKO həmin forum və görüşlərin bəzilərinin təşkilində iştirak etdiyinə görə fəxr edir".

Onun sözlərinə görə, belə tədbirlər keçirməklə Bakı özünün qədim ənənələri ilə diqqəti cəlb edib və dünya üçün bu qədər vacib olan beynəlxalq humanitar forumun keçirilməsi üçün ideal platforma kimi özünü layiqincə təqdim edib.

İSESKO baş katibi bildirib ki, forum hökumətlər, regional və beynəlxalq təşkilatlar, yerli cəmiyyətlər səviyyəsində əməkdaşlığın inkişafı üzrə göstərilən qlobal səylərdə əhəmiyyətli mərhələdir.

O, bu forumu ümumdünya əməkdaşlığının həqiqi ifadəsi kimi qiymətləndirdiyini və onun uğurlu olması üçün dəstəklənməsini, təşviq edilməsinin vacibliyini qeyd edib.

İSESKO-nun baş katibi Prezident İlham Əliyevə dünya miqyasında humanitar təşəbbüs olan bu foruma görə səmimi təşəkkürünü və minnətdarlığını ifadə edib.

Onun sözlərinə görə, forumun keçirildiyi Bakıda "dialoq, harmoniya və dözüm hökm sürür": "Prezident İlham Əliyev bu forumu dünyanın hər yerindən gələn və bir çox məsələlərdə qərarlar qəbul edən siyasətçilərin, ziyalıların, kütləvi informasiya vasitələri nümayəndələrinin, dini liderlərin intellektual və mədəniyyətlərarası dialoqun aspektlərinin birgə müzakirə edilməsi üçün görüşdüyü qlobal əhəmiyyətli toplantıya çevirib".

Əl-Tüveycri deyib ki, forum sivilizasiyaların qarşılıqlı hörmət və etimad ruhunda alyansı olub və bu gün dünya belə tədbirlərə xüsusi ehtiyac hiss edir: "Əvvəllər dünya heç vaxt beynəlxalq sülh və təhlükəsizlik üçün harmonik münasibətlərə və səylərin birləşdirilməsinə bugünkü kimi ehtiyac duymayıb".

Onun sözlərinə görə, beynəlxalq birlik bu gün böyük qeyri-müəyyənlik vəziyyətindədir, təlatüm yaşayır və sülh üçün real təhdidlə üz-üzədir. Və bu problemlərin həlli üçün səmimi, konkret birgə səylərin göstərilməsi lazımdır. Həmin səylərin əsasında beynəlxalq hüquqa, insan haqlarına riayət olunması və mədəni müxtəliflik prinsiplərinə hörmət dayanmalıdır.

İSESKO baş katibi hesab edir ki, Bakıdakı humanitar forum ümumdünya beynəlxalq alyansının yaradılması üçün mexanizm olmalıdır.

Onun sözlərinə görə, beynəlxalq forumun təşkilində və keçirilməsində əsas məqsəd bütün dünyada qloballaşma sahəsində yeni humanitar gündəliyin formalaşmasıdır: "Bu, Azərbaycanın beynəlxalq birlik qarşısında bəşər sivilizasiyasının inkişafı üçün öz missiyasını yerinə yetirməsinə sədaqəti çərçivəsində xeyirxah hədəflərindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti