...

Əli Əhmədovun tövsiyələri

Siyasət Materials 23 Oktyabr 2014 11:39 (UTC +04:00)
"Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsini məqsəd olaraq qiymətləndirmirik, bu, vasitədir və onun tətbiq edilməsi vasitəsilə qarşımıza 3 vəzifə qoymuşuq".
Əli Əhmədovun tövsiyələri

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsini məqsəd olaraq qiymətləndirmirik, bu, vasitədir və onun tətbiq edilməsi vasitəsilə qarşımıza 3 vəzifə qoymuşuq". Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər" mövzusunda yüksəksəviyyəli siyasi seminarda çıxışı zamanı deyib.

Ə.Əhmədov qeyd edib ki, bu vəzifədən birincisi dövlətin ayırdığı vəsiatlərdən daha səmərəli istifadə olunmasıdır: "Buna nail ola bilsək, səhiyyə sahəsində daha yüksək keyfiyyətin əldə edilməsi üçün əlavə imkan yaranar".

Onun sözlərinə görə, digər vəzifə səhiyyə xidmətinin keyfiyyətinin artırılması üçün əlavə maliyyə mənbələrinin axtarışıdır: "Azərbaycan dövləti səhiyyənin maliyyələşməsi üçün öz imkanları daxilində vəsaitlər ayırır, ölkənin artan imkanları bu vəsaitlərin artmasında əks olunur. Amma müasir şəraitdə bütün səhiyyə xərclərinin hamısının yalnız dövlət vəsaitləri hesabına maliyyələşdirilməsi, tam təmin edilməsi düzgün olmazdı. Dövlətin insanların sağlamlığına qayğı göstərməsi ilə yanaşı, hər bir insanın da öz sağlamlığı üçün vəsait xərcləməsi düzgün və ədalətli olardı. İnsanın öz sağlamlığının qorunması üçün yüksək sosial proqram çərçivəsində öz üzərinə müəyyən öhdəliklər götürməsi, müəyyən vəsait xərcləməsi rasionallıq və ədalət baxımından düzgün olardı".

Ə.Əhmədov qeyd edib ki, digər vəzifə səhiyyə ocaqlarının və tibbi personalın fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması, daxili motivasiyasının gücləndirilməsidir: "Səhiyyə müəssisələri və həkimlərin fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırma mexanizmi təkmilləşdirilmiş şəkildə tətbiq olunmalıdır. Məqsəd ondan ibarətdir ki, yalnız həkimlərin daha yaxşı işləməsi üçün stimul, yeganə amil Hipokrat andı olmasın, eyni zamanda, tibb sahəsində çalışanların tələbatlarının daha yaxşı ödənilməsi olsun. Belə bir sistemə keçilməsi həm də bu vəzifənin öhdəsindən gəlmək üçün əlverişli imkanlar yarada bilər".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan bu sahədə addımları dünya təcrübəsindən bəhrələnərək atmaq istəyir: "Dövlətlər səhiyyəyə böyük vəsaitlər sərf edirlər. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin böyük hissəsi insan sağlamlığının qorunması ilə əlaqədardır".

Ə.Əhmədov əlavə edib ki, son 10 il ərzində Azərbaycanda səhiyyə sahəsində böyük islahatlar aparılıb, irəliləyiş əldə olunub: "İnfrastrukturun yenilənməsi sahəsində mühüm işlər görülüb. Azərbaycanda ən müasir xəstəxanalar, müalicə obyektləri yaradılıb, ən yeni tibbi avadanlıqlarla təchiz edilib. Həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində ciddi işlər görülür. Tibbi təhsilin alınması üçün ciddi işlər görülüb ki, bu da səhiyyə xidmətinin keyfiyyətinin yüksəlməsinə töhfə verib. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar yeni bir mərhələyə keçmək üçün etibarlı baza və əsas yaradıb. Bu da səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, yeni metodlardan istifadə edilməsi ilə əlaqədardır. Biz bunu icbari tibbi sığorta deyərək ifadə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti