...

"Martin Şults Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur"

Siyasət Materials 4 Dekabr 2014 19:29 (UTC +04:00)
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını təəssüflə qarşılayır, bunu ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirir.
"Martin Şults Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur"

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını təəssüflə qarşılayır, bunu ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirir.

TUMİB-in Trend-ə daxil olan bəyanatında deyilir ki, "Avropa Parlamentinin prezidenti olan Martin Şultsun başlıca vəzifəsi Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləməkdir: "Lakin cənab Şults ayrıseçkilik edərək, ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur. Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlər onun qərəzli olduğunu bir daha sübut edir. Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında hüquqa zidd olan fikirlər səsləndirməklə ölkəmizin daxili işlərinə qarışmışdır. Şults bu cür qeyri-ciddi fikirləri ilə Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib".

Qeyd olunur ki, konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir: "Çünki sözügedən şəxslərin həbsinin səbəbləri ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə ətraflı izahat verilib. Təəssüflə qeyd etmək lazımdır ki, cənab M.Şults indiyə qədər heç bir çıxışında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. Azərbaycan hökumətinin uzun illərdən bəri həyəcan təbili çalmasına baxmayaraq, cənab Şultsun 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.

Bütün bunlar onu göstərir ki, cənab Şultsu Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək daha çox maraqlandırır. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir.

Biz, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti