...

Əfv sərəncamı icra edilir: "Bu səhvimi bir daha təkrarlamayacağam" (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 30 Dekabr 2014 11:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.
Əfv sərəncamı icra edilir: "Bu səhvimi bir daha təkrarlamayacağam" (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:42-də yayılıb)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.

Trend-in məlumatına görə, Prezidentin imzaladığı əvf sərəncamına əsasən, bu gün səhər 6 saylı cəzaçəkmə müəssisədən 10 nəfər məhkum azadlığıa buraxılıb.

Onlardan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, 9 illik azadlıqdan məhkum edilmiş, onun 5 il 10 aylıq hissəsinin cəzasını çəkmiş Quliyev Şirməmməd Məmməd oğlu əfv olunduğuna görə İlham Əliyevə təşəkkürünü bildirib: "Bayram günündə bizi ailəmizə qovuşdurğuna görə Prezidentə minnətdarlıq edirik. Buradan çıxan kimi ailəmizin yanına gedəcəyik. Çalışacağıq ki, bir daha səhvlərə yol verməyək".

Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Sarıyev İman Hacı oğlu da Prezident İlham Əliyevə minnətdarlıq edib: "Bundan sonra qanunazidd əməllər törətməyəcəyəm. Bu səhvimi bir daha təkrarlamayacağam. Buradan çıxandan sonra işləmək, ailəmizi dolandırmaq lazımdır. Bunun üçün çalışacağam".

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İdarə rəisi Musa Hümbətov bildirib ki, bu, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış sayca 3-cü əfv sərəncamıdır. Bu sərəncamlar nəticəsində 300-dən çox məhkum əfv olunub.

Sonuncu sərəncama əsasən isə 87 nəfər əfv edilib ki, onların da biri Türkiyə vətəndaşıdır. Əfv edilənlərin ikisi qadındır. M.Hümbətov deyib ki, əfv edilənlərdən 79 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrdən azad edilib.

Əfv sərəncamına əsasən, Penitensiar Xidmətin Müalicə müəssisəsindən 3 nəfər məhkum azadlığa buraxılıb. Onlardan Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsinə əsasən 4 il azadlıqdan məhrum edilmiş Mustafayev Nurzadə İsmayıl oğlu bu müddətdən 1 il 11 ayın cəzasını çəkib: "Mən bizi bu bayram günlərində sevindirən Prezidentimizə minnətdaram. Buradan çıxandan sonra ailəmə, 2 övladımın yanına qayıdacağam. Gedib işləyəcəyəm. Əvvəllər olduğu kimi, yenə taksi fəaliyyətinə davam edib ailəmi dolandıracağam".

4 il 6 ay azadlıqdan məhrum edilmiş Vəliyev Nicatın valideyni Kərimova Fəzilə isə dövlət başçısına oğlunu cəzasının qalan 8 ayından azad etdiyi üçün təşəkkürünü bildirib: "Prezident İlham Əliyevə və onun ailəsinə minnətdaram ki, bayram günü bizi sevindirdi. Allah da həmişə onu sevindirsin. Allah ondan razı olsun və onu Azərbaycanımızdan əskik etməsin".

Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən də 3 məhkum azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsinə əsasən 3 il 6 ay azadlıqdan məhrum edilmiş keçmiş hərbçi Abbasov Elçin Əliqismət oğlu azadlığa çıxdıqdan sonra yenidən hərbi xidmətə qayıdacağını dedi: "Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, cəzamın yarısını mənə bağışladı. Buradan çıxdıqdan sonra, inşallah, yenidən hərbi xidmətə qayıdacaq və gizir olacağam. Vətənə xidmətimi davam etdirmək istəyirəm".

Qeyd edək ki, 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilənlər arasında vaxtilə Təhsil Nazirliyi qarşısında hicaba görə icazəsiz aksiya keçirənlərdən biri kimi həbs olunaraq Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsinə əsasən 4 il azadlıqdan məhrum edilmiş Nicat Qəhrəmanov da var. O, əfv sərəncamı ilə cəzasının çəkilməmiş 2 il 5 aylıq hissəsindən azad edilib.

Trend-in məlumatına görə, əfv olunanlar arasında "Nida" Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.

Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti