...

Politoloq: İran-Rusiya münasibətlərində dinamikanın olması hələlik vəziyyəti yaxşılaşdırmağa əsas yaratmır

Siyasət Materials 4 Fevral 2015 12:41 (UTC +04:00)
Rusiya rəsmilərinin İrana səfərlərinin sayı artmışdır. İrana səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Hüseyn Dehqani ilə müzakirə aparıb sənəd imzaladı.
Politoloq: İran-Rusiya münasibətlərində dinamikanın olması hələlik vəziyyəti yaxşılaşdırmağa əsas yaratmır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Rusiya rəsmilərinin İrana səfərlərinin sayı artmışdır. İrana səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Hüseyn Dehqani ilə müzakirə aparıb sənəd imzaladı. Rusiya və İran müdafiə nazirləri arasında imzalanan müqavilənin ciddi siyasi tutumu və konkretliyi yoxdur. Əsasən, Xəzərdə birgə hərbi təlimlər keçirməyi nəzərdə tutur. İran tərəfi imzalanmış sənədin S-300 ZRK-ları də əhatə etdiyini bildirdi".

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, az sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı jurnalistin sualına cavab verərkən sözügedən müqavilədə S-300 ZRK-ların taleyinin həll olunmasının ona bəlli olmadığını bildirdi:

"İranın Rusiyaya münasibətini xarakterizə edən çox vacib detal: Rusiya müdafiə nazirini İranda yalnız həmkarı qəbul etdi. Gürcüstanın parlamentinin spikeri D.Usupaşvilini isə İranın prezidenti və hətta eks-prezidenti qəbul etdilər. Ötən ilin sonlarında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin İranda səfərdə oldu. Onu prezident Həsən Ruhani qəbul etmədi. Rusiya İranı dəfələrlə BMT TŞ-nin sanksiyalarından xilas etmiş dövlətdir. Gürcüstan isə İranla viza rejimini ləğv etdikdən az sonra viza rejiminin sadələşdirilməsini ləğv edən dövlətdir. İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Ə.Vilayətinin Rusiyaya səfəri isə ayrı statusda baş tutdu. Onu prezident V.Putin qəbul etdi. Ə.Vilayəti Gürcüstan nümayəndə heyətini ilə davranış manerasının Rusiyada ciddi narazılıq yaradacağını başa düşdükləri üçün Moskvaya səfər etdi. V.Putinin İrana dəvət olunması, İranın Avrasiya İqtisadi Birliyinə üzv olmaqla bağlı səsləndirdiyi fikirlər siyasi manevrlərdir. İranda başa düşürlər ki, ABŞ qarşısında İrana ən böyük dəyəri antirusiyaçılıq qazandıracaqdır. İran-ABŞ münasibətləri əvvəlki tək birmənalı pis deyil. ABŞ prezidenti Barak Obama Konqresin İrana qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə "veto" qoyacağını bildirdi. B.Obamanın fikrincə, İrana qarşı əlavə sanksiyalar danışıqları daha da gərginləşdirə bilər".

Politoloq əlavə edib ki, ABŞ tərəfi İranda aparılan danışığı işgüzar danışıqlar hesab edir. Onun sözlərinə görə, Yəməndə hakimiyyətin dəyişikliyinə ABŞ-ın kəskin etiraz etməməsini də bu danışıqların nəticəsi kimi dəyərləndirmək olar:

"Danışıqlar boyunca İranda dindarlarla prezident komandası arasında narazılıq daha da kəskinləşd: Ali dini lider ABŞ-a etibar etmədiyini yenidən bildirdi. İran parlamentində C.Zərifini Kerri ilə Brüsseldə gəzişərək müzakirə apardığına görə ittiham etdilər. O, parlamentdə bu mövzuda yaxınlarda cavab verməli olacaqdır. İranın daxilində prezidentlə parlament arasında münasibətlər gərginləşib. Parlament kəskin dini-mühafizəkar mövqedədir. O səbəbdən təhsil nazirinin təyinini xeyli yubatdı, islahatçı-savadlı şəxslərin təhsil naziri olmasına razılıq vermədi. Prezident H.Ruhani vacib məsələlərlə əlaqəli referendumların tez-tez keçirilməsini tövsiyə etdi. Bu, İran parlamentinə qarşı təsirli addım ola bilər".

Politoloqun sözlərinə görə, İranla ABŞ arasında bütün prinsipial məsələlər üzrə razılıq əldə olunub.Razılıqların reallaşmamasının əsas səbəbi İranın Ali dini lideridir:

"Prezident Ruhaninin komandasının ABŞ-la apardığı danışıqlar İranda əhalinin, xüsusilə gənclərin və tələbələrin davranışına təsir edir. Bu davranışlar din xadimlərində hakimiyyət dəyişikliyi assosiasiyası yaradır.Ona görə qorxurlar. Bu səbəbdən Ali dini lider yenidən ABŞ-a etimadsızlıq elan etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti