...

Azərbaycanın siyasi partiyaları maliyyə hesabatı verməkdən ehtiyat edirlər? - SORGU

Siyasət Materials 6 Fevral 2015 16:46 (UTC +04:00)
Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda bütün siyasi partiyalar illik fəaliyyətinə dair hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməlidir və ictimaiyyət məlumatlandırılmalıdır
Azərbaycanın siyasi partiyaları maliyyə hesabatı verməkdən ehtiyat edirlər? - SORGU

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda bütün siyasi partiyalar illik fəaliyyətlərinə dair hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Maliyyə hesabatları verməyən siyasi partiyalar isə cərimələnməlidirlər. Bəs siyasi partiyalar buna əməl edirlərmi?

Sorğumuzun cavabında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maraqlı mövqe ortalığa qoydu. Sən demə, partiyada heç bir maliyyə əməliyyatı aparılmır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Trend-ə bildirib ki, partiyada heç bir maliyyə əməliyyatı aparılmır. Ona görə də hər hansı maliyyə hesabatı verilmir.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Trend-ə bildirib ki, 2014-cü ilin hesabatı mart ayının sonuna qədər verilməlidir: "Hesabat hazırlanır və təqdim ediləcək".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Trend-ə açıqlamasında ADP-nin maliyyə hesabatını artıq təqdim etdiyini söyləyib. Lakin S.Cəlaloğlu partiyanın həm maliyyə, həm də təşkilati işləri barədə hesabatların ictimaiyyətə təqdim edilməsini məqsədəuyğun saymır: "Bu məsələləri ictimaiyyətə açıqlamaq düzgün deyil. Ona görə ki, partiyanın rəqibləri onun strategiyasını, taktikasını bilər, ondan istifadə edə bilər. Bu baxımdan hesabatların açıqlanmasını qəbul olunmuş norma hesab etmirəm. Müvafiq qurumlar da verilən hesabatları gizli saxlamalıdır".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi partiyanın lazımi hesabatları müvafiq dövlət qurumlarına təqdim etdiyini bildirib. O, hesab edir ki, bu hesabatların cəmiyyətə açılıb-açıqlanmaması partiyaların özlərindən asılıdır: "Elə partiya ola bilər ki, onun maddi durumu yaxşıdır və bunu cəmiyyətə açıqlaya bilər. Elə partiya da ola bilər ki, maliyyə durumu yaxşı deyil və bunun ictimaiyyət tərəfindən bilinməsini istəmir".

Xatırladaq ki, hər üç partiya parlamentdə təmsil olunmur.

Parlamentdə təmsil olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirib ki, rəhbərlik etdiyi partiya maliyyə hesabatlarını artıq təqdim edib. Maliyyə hesabatının ictimaiyyətə açıqlanması məsələsinə gəlincə, F.Quliyev bunun mümkün olduğunu söyləyib: "Rəqəmləri dəqiq bilsəydim açıqlayardım, burada problem görmürəm. Bu işlə mühasibatlıq şöbəsi məşğul olur".

Parlamentdə təmsil olunan digər partiya - Bütov Azərbaycan Xalq Cəbhəsinin sədr müavini Niyamədin Orduxanlı da təmsil etdiyi partiyanın hər il vaxtlı-vaxtında müvafiq orqanlara hesabat verdiyini bildirib. O vurğulayıb ki, lazım gələrsə bu hesabatları cəmiyyətə də açıqlaya bilərlər: "Biz buna açığıq. Burada heç bir gizli iş yoxdur ki, biz onu gizli saxlayaq. İl ərzində Azərbaycan dövlət büdcəsindən bizim partiyaya ayrılan vəsait də bəllidir və bizim partiyada çalışan insanların sayı da. Nədən bunu gizli saxlamalıyıq? Gizli saxlayan partiyaları da başa düşə bilmirəm. Düşünürəm ki, öz fəaliyyətlərində qaranlıq olan partiyalar bu fikirdə ola bilərlər".

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Trend-ə bildirib ki, "Siyasi partiyalar haqqında" qanuna olan əlavə və dəyişikliklərə uyğun olaraq, siyasi partiyaların hər biri, istər dövlət büdcəsindən maliyyələşən, istərsə də dövlət büdcəsi tərəfindən maliyyələşməyən, üzvlük haqqı və ianələrlə öz büdcəsini formalaşdıran hər bir siyasi partiya ildə bir dəfədən az olmayaraq, həmçinin rüblük hesabat verməlidir: "Təzə qəbul olunmuş əlavə və düzəlişlərə əsasən, bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməlidir. Burada ictimaiyyətin məlumatlandırılmasından söhbət gedir, həmçinin bu hesabatların verilməsindən. İstənilən an o hesabatların audit yoxlaması da MSK tərəfindən həyata keçirilə bilər. Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi partiya cəmiyyət qarşısında hesabat verməyib. Biz qanun qəbul olunmamışdan da qabaq hər il bir dəfə illik maliyyə hesabatı dərc edirdik. Burada üzvlük haqları, ianələr, partiya büdcəsinə toplanan digər gəlirlər barədə hesabat verirdik. Bu günə qədər hesabatlar aidiyyəti orqanlara təhvil verilirdisə, indi onlar MSK-nın saytında da yerləşdirilməlidir. Bu baxımdan siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün, onların maliyyə mənbələrinin də şəffaf olması üçün bu hesabatlar vacibdir. Çünki qanuna görə siyasi partiyalar xarici təşkilatlardan, xarici vətəndaşlardan, dini və digər qurumlardan maliyyələşə bilməz. Bu baxımdan da şəffaflığı təmin etmək üçün qanunda olan düzəlişlərə siyasi partiyalar mütləq əməl etməlidir".

Siyasi ekspert Qabil Hüseynli Trend-ə bildirib ki, Azərbaycanda siyasi partiyalar parlamentdə təmsilçiliyə görə maliyyələşir. Parlamentdə təmsil olunmayan partiyalar isə özlərinin dediyi kimi, üzvlərinin verdiyi ianələr və üzvlük haqları hesabına özlərini saxlayırlar. Ekspert hesab edir ki, bu hesabatın ictimaiyyətə açılmasının heç bir qüsuru yoxdur: "Bunun açıqlanması niyə sirr olmalıdır ki? Məncə partiyalar şəffaf olmağa öyrənməlidirlər. Bəzi partiyalar üzvlərinin sayını şişirdirlər və yəqin ki, ona görə də bunu açıqlamaqdan qaçırlar. Çünki onda onların üzvlərinin düzgün sayı ortaya çıxmış olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti