İlk xəbər saat 11:00-da yayılıb
Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilir.
Trend-in məlumatına görə, dinləmələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ səylərini daha çox artırmalıdır.
S.Seyidov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir: "Azərbaycan-ABŞ münasibətləri 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. "Əsrin müqaviləsi"nin imzalanması və buna ovaxtkı ABŞ Prezidenti Bill Klintonun dəstək verməsi Birləşmiş Ştatların Azərbaycana hansı önəm verdiyini göstərirdi. Bu müqavilə regionun iqtisadi-siyasi xəritəsini çəkdi. 2001-ci ildə ABŞ-da terror hadisələrindən sonra ABŞ-Azərbaycan münasibətləri daha bir yeni mərhələyə qədəm qoydu. Azərbaycan ABŞ-la birgə bütün gücünü terrora qarşı mübarizəyə yönəltdi. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə döyüşür".
Millət vəkili deyib ki, bu gün Azərbaycanın terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərdiyini nəzərə alsaq, bu, bizim münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir: "Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın bizim işğal altındakı torpaqlarımıza, Dağlıq Qarabağa olan münasibətidir".
Onun sözlərinə görə, bu gün ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti yalnız həmin münaqişə ilə bağlı deyil, o cümlədən ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir edən amildir: "Bu prosesləri bir-birindən ayırmaq heç də düzgün olmazdı. Vaxtilə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü altında həmin Minsk qrupunun tərkibinə ABŞ-ın daxil olması ilə bağlı böyük bir fəaliyyət aparılmışdı ki, bu Minsk qrupunun daxilində obyektivlik, balanslaşdırılmış, düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin. Bununla yanaşı, biz ABŞ-dan Azərbaycana selektiv yanaşmanın, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyirik. Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib təşkilatlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir".
Qeyd edək ki, dinləmələrdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, müxalifət partiyalarının rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirlər.