...

"Xocalı soyqırımı - insaniyyətə qarşı cinayət" (FOTO)

Siyasət Materials 25 Fevral 2015 18:04 (UTC +04:00)
Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - insaniyyətə qarşı cinayət” adlı seminar keçirilib.
"Xocalı soyqırımı - insaniyyətə qarşı cinayət" (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş "Xocalı soyqırımı - insaniyyətə qarşı cinayət" adlı seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərinin rektorları və professorları, Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Yəmən, Türkmənıstan və digər ölkələrin Səfirləri, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Konfliktinin mahiyyəti haqqında məlumatlandırmışdır. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq-Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulamış, işğal nəticəsində 1 milyon insanın qaçqın və köçkün həyatını yaşadığı , 20 min insanın öldürüldüyünü bildirmişdir. Professor 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımını bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırmışdır.

Beynəlxalq İslam Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Manzur Afridi, Preston Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Soheyl Mahmud və Müasir Dillər Universitetinin professoru Attik Ur Rehman öz çıxışlarında, Xocalıda dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklər barəsində danışmışdırlar. Natiqlər Xocalı hadisələrinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, Fransa, Rusiya, İngiltərə və Türkiyə mediasından sitatlar gətirmişdirlər. Onlar mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi vacibliyini ön plana çəkmişdirlər. Çıxışlarda Pakistanda Xocalı soyqırımı memorialı qurulması fikiri də səslənmişdir.

Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış etmişdir. Səfir öz nitqində Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumatlar vermişdi. Səfir Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən, həmçinin 05.10.2014-cü il tarixində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələrin qəbul edilməsinə görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirmişdir. Özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və 20-ci əsrin əvvəllərində qondarma soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər barəsində danışan natiq elə həmin əsrin sonlarında özləri günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atdığını vurğulamışdır.

Seminarın rəsmi hissəsindən sonra səfir D.Şikarov TRT, Such, GEO və Dawn televiziya kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışmış, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulamışdır. Bildirmişdir ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.

Tədbirin keçirildiyi zalda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş etdirilmişdir.

Tədbirdən sonra səfirlik tərəfindən İslamabad şəhərində yerləşən Bari İmam ziyarətgahında Xocalı şəhidlərinin ruhuna ehsanlar paylanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti