Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Ermənilərin xəstə millətçiliyinin güclənməsinə dəlalət edən faktların sayı artıb. Faktlar o qədər aydındır ki, əlavə arqumentləşdirməyə ehtiyac yoxdur". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, xüsusi olaraq qeyd etmək lazımdır ki, indi Ermənistan cəmiyyətinin ksenofob olmasında, millətçi xəstəliyin güclənməsində həm Rusiyanın, həm də Qərbin müstəsna rolları var:
"SSRİ mövcud olarkən sovet Ermənistanının rəhbərliyi məhz ksenofobiya zəminində Ermənistan SSR-in ərazisində yaşayan azərbaycanlıları dəfələrlə deportasiyaya məruz qoymuşlar. SSRİ-nin mərkəzi hakimiyyəti həmişə susub. SSRİ-nin çar Rusiyasından qalma arxivlərindəki materiallar dəqiq sübut edir ki, həmin torpaqlar azərbaycanlılara məxsusdur. Erməniləri bu torpaqlara çar Rusiyası köçürüb".
M.Əhmədoğlu qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri Marie Yovanoviç S.Sarkisyanı həm Türkiyə ilə münasibətlərinin normallaşdırılmasından, həm də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən çəkindirə bildi:
"ABŞ-ın Ermənistandakı ondan sonrakı səfiri Con Heffern də ermənilərin özünəməxsusluğu və ya orijinallığı ideyasını xeyli gücləndirdi. Amerikalı həmsədr C.Uorlikin də fəaliyyəti erməni millətçiliyinin, ksenofobunun güclənməsində onlardan geri qalmır".
Politoloq qeyd edib ki, erməni ksenofobluğuna dəlalət edən faktların Qərb cəmiyyətində ciddi öyrənilməsi vacibdir. Onun sözlərinə görə, ksenofob Ermənistan heç bir dövlətin, o cümlədən Qərbin uzunmüddətli maraqlarına xidmət edə bilməz, təhlükə mənbəyidir: "Həmin faktları təqdim edirik:
a) ABŞ-ın "Starbucks" kompaniyası ermənilərdən üzr istədi. Dünyanın 64 ölkəsində alıcılara kofe xidmətləri təklif edən şəbəkəyə malik bu şirkət son reklam kampaniyasında erməni milli geyimli qızları Türkiyə bayrağının fonunda təqdim etmişdi. Belə bir fotonun ABŞ-da qeydiyyatdan keçmiş transmilli kompaniya tərəfindən təqdim olunmasını ermənilər özləri üçün təhqir kimi qəbul etdilər və ABŞ kompaniyası da onların təhqirini məhz erməni kimi anlayışla qarşıladı. "Erməni milli geyimi Türkiyə bayrağı fonunda görünməməlidir". Dünyanın heç milləti ksenofobiyaya bu qədər dərin yoluxmayıb. ABŞ-ın "Starbucks" kompaniyası ermənilərin bu xəstəliyinin şiddətlənməsinə yardım etdi.
b) "Azərbaycanlılar tərəfindən öldürülmüş ermənilərə xüsusi status verilməlidir"-Ermənistanın keçmiş ombudsmanı, "Hüquqi özbaşınalığa qarşı" təşkilatının sədri L.Alaverdiyan bu təklifi irəli sürdü. Erməni ölübsə, qatilin milliyətinin əhəmiyyəti və ya qatili milliyətinə görə cəzalandırmaq ancaq erməni düşüncəsində xəstəliyin dərinliyinin göstəricisi ola bilər.Ermənilər kriminallaşırlar. Dünyanın əksər dövlətlərində,müxtəlif millətlərin təmsilçiləri erməniləri öldürürlər. Erməninin ən çox öldürüldüyü ölkələr sörasında birinci iki yeri Ermənistan və Rusiya tutur.
c) Rusiya vətəndaşı, milliyətcə azərbaycanlı Ş.Qurbanovun Yerevanın "Ulisse" futbol komandasına dəvət olunması ciddi ajiotaja səbəb yaratdı. Ş.Qurbanov Dağlıq Qarabağ münaqişəsi ilə tanış olmadığını bildirdi. O, bununla hətta milli ideyadan qaçmağa da hazır olduğunu nümayiş etdirdi. Buna baxmayaraq, Ermənistanın futbol rəhbərliyi onun məhz azərbaycanlı olduğuna və vaxtilə gənclərdən ibarət Azərbaycan komandasında çıxış etdiyinə görə onunla müqavilə imzalamadı. Yazıçılardan biri isə hətta Ş.Qurbanovla danışıqların aparılmasını düzgün hesab etmir.
Azərbaycanlı və türkə münasibətdə erməniləri şüur deyil, instikt idarə edir. Görünür, uzun müddət belə olacaq".