Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
"Anti-Azərbaycan kampaniyasının aparılması əslində, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdan irəli gəlmir".
Bunu Trend-ə hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov son araşdırmalar nəticəsində məlum olan məsələyə - antazərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün onun yaxın gələcəkdə insan hüquqlarının daha çox pozulduğu ölkələrin xəritəsində yerinin möhkəmləndirilməsi üçün işlərin aparılacağı və bunun üçün yerli QHT-lərdən istifadə ediləcəyinə münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycana qarşı belə kampaniyalar dövlətlər, onların hakimiyyət orqanları tərəfindən təşkil edilir: "Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər də birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb fəaliyyət göstərən və sifarişlərini həyata keçirən təşkilatlardır".
S.Məmmədov əlavə edib ki, antiazərbaycan kampaniyasının qarşısının alınması üçün yalnız yerli mətbuatda etirazedici yazılar yazmaqla kifayətlənmək lazım deyil: "Azərbaycanla bağlı faktları, reallıqları olduğu kimi təqdim etmək üçün bu hallara qarşı sistemli şəkildə iş aparılmalıdır. Bu iş Azərbaycana qarşı yönələn fikirləri rədd etməkdən ibarət olmalı deyil. Sistemli şəkildə işləmək lazımdır".
Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanın dünyanın aparıcı dillərində ölkədə insan hüquqlarının qorunması ilə bağlı real vəziyyəti, kütləvi informasiya vasitələrinə dəstəyi əks etdirən resursları artırılmalıdır: "Biz əks işimizi yaxşı qurmalıyıq və Azərbaycanın mövcud strateji vəziyyətini, ölkənin islam dünyasında dünyəvi modelə sahib bir ölkə olduğunu göstərməliyik. Biz belə şeylərə hazır olmalıyıq. Eyni zamanda, vətəndaş cəmiyyəti elə inkişaf etməlidir ki, belə hallar yarandıqda üçüncü sektor mövqeyini bildirsin".