...

Düdük: Ermənistanın YUNESKO-dakı statusu

Siyasət Materials 13 İyul 2015 18:21 (UTC +04:00)
Şimali Koreyada demokratiya ilə bağlı beynəlxalq konfrans keçirilsə və ölkənin başçısı Kim Çen In bu konfransın iştirakçılarını qəbul etsə, çox gülməli görünər, elə deyilmi?
Düdük: Ermənistanın YUNESKO-dakı statusu

Azərbaycan xəbərlər xidməti
Məftun Salmanov - Trend:


Şimali Koreyada demokratiya ilə bağlı beynəlxalq konfrans keçirilsə və ölkənin başçısı Kim Çen In bu konfransın iştirakçılarını qəbul etsə, çox gülməli görünər, elə deyilmi? Yerevanda YUNESKO-nun 70 illiyinə həsr edilən "Mədəniyyət siyasəti - mədəniyyət üçün siyasət. 2015-ci ildən sonra stabil inkişaf işində mədəniyyətin rolu" mövzusunda keçirilmiş beynəlxalq konfrans da həmin vəziyyətə bənzəyir.

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan həmin ərazilərdə dövlət qeydiyyatında olan 901 tarixi abidəyə qarşı vandalizm hərəkətləri edib. Bundan başqa, Şuşadakı məscidi tövlə kimi istifadə edən Ermənistan tarixən Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin mədəniyyət nümunələrini özünküləşdirməkdən çəkinmir və hətta bu istiqamətdə fəaliyyətini getdikcə aktivləşdirir.

Ermənistanın YUNESKO-dakı Milli Komissiyasının sədri, xarici işlər naziri Edvard Nalbandyan konfransda çıxışı zamanı bildirib ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi və nüfuz etməsi Ermənistan xalqının ən vacib nailiyyətlərindən biridir. Nalbandyanın bu sözü ilə razılaşmamaq olmaz. Ermənilər kompakt yaşadıqları bir çox xarici ölkələrdə həmin xalqların mədəniyyətini mənimsəməyi yaxşı bacarıb. Sadəcə, Nalbandyanın dediyi qarşılıqlı əlaqə və nüfuz etmə prosesi bir istiqamətdə gedib, yəni ermənilər digər xalqların mədəniyyətini götürüb. Müstəqil dövlət olduqdan sonra isə əxz etdiklərini milliləşdirərək dünya ictimaiyyətinə öz malları kimi sırmağa başlayıblar.

Görəsən, həmin konfransa gedən xarici qonaqlar bilirlərmi ki, Ermənistan monoetnik dövlətdir və ölkə əhalisinin 98 faizi ermənidir? Yəqin ki, bilmirlər. Əgər bilsəydi, bu ilin aprelində Serj Sarkisyandan müsahibə götürən Rusiyanın tanınmış jurnalisti Vladimir Pozner kimi təəccüblənərdilər. Çətin vəziyyətə düşən və fakt qarşısında qalan Sarkisyan rus televiziya tamaşaçılarına yaltaqlanaraq bunu ermənilərin Rusiya imperiyasına qarşı loyallığı ilə əlaqələndirmişdi.

Ermənistanın monoetnik dövlətə çevrilməsinin səbəbi onun digər millətlərə qarşı aqressiv münasibətidir. 1988-ci ildə Ermənistandan deportasiya edilmiş təqribən 200 min azərbaycanlı, rusların MDB ölkələri arasında ən çox bu ölkədən köçməsi faktları var. 98 faizlik göstərici ilə hansı mədəniyyətlərarası dialoq və qarşılıqlı əlaqələrdən söhbət gedə bilər? Buna qarşılıq olaraq Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4 faizini təşkil edir.

Konfransın çərçivəsində Ermənistanın YUNESKO-dakı Milli Komissiyasının baş katibi Vaqram Kajoyan bildirib ki, "Köçəri" rəqsi bu ilin sonunadək təşkilatın qeyri-maddi mədəni irs siyasına daxil edilə bilər, təbii ki, "erməni rəqsi" qismində. Görəsən, onlar "Köçəri"nin "erməni rəqsi" olduğunu nə ilə sübut edə bilərlər? Yəqin ermənilər sübut qismində keçmiş prezidentləri Robertin soyadının Köçəryan olmasını göstərərdilər. "Köçəri" rəqsi Azərbaycanda çox məşhur olan qədim "Yallı" rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalıqlarının üzərində də "Yallı" rəqsinin təsvirləri verilib. "Köçəri" rəqsi, əsasən, Naxçıvanda geniş yayılıb və ermənilərin deportasiya etdikləri azərbaycanlıların populyar rəqsi olub.

Konfransa gəlmiş YUNESKO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Peresə düdük (tütək) - Azərbaycandan özəlləşdirilmiş daha bir mədəniyyət nümunəsi - hədiyyə edildi. Bəs "qədim" və "zəngin" mədəniyyyətə malik Ermənistanın özünün ortalığa çıxarılası bir şeyi yoxdur? Görünür, Ermənistanı YUNESKO-da düdüyə görə tanıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti