...

Elçin Behbudov: "Neqativ hallarla məşğul olanlara Silahlı Qüvvələr sistemində yer olmamalıdır"

Siyasət Materials 20 Avqust 2015 16:41 (UTC +04:00)
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov barəsində kiminsə sifarişi ilə qarayaxma kampaniyası aparanlar gec-tez səhvlərini anlayacaq, bəziləri isə qanun qarşısında cavab verəcəklər.
Elçin Behbudov: "Neqativ hallarla məşğul olanlara Silahlı Qüvvələr sistemində yer olmamalıdır"

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov barəsində kiminsə sifarişi ilə qarayaxma kampaniyası aparanlar gec-tez səhvlərini anlayacaq, bəziləri isə bu əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Bunu Trend-ə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Onun sözlərinə görə, son günlər bəzi media orqanlarında Müdafiə Nazirliyi, eləcə də Müdafiə naziri general-polkovnik Zakir Həsənov barəsində yer alan məlumatlar həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır: "Mən Zakir Həsənovun vəkili deyiləm. Amma rəhbərlik etdiyim Komitə Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Biz hüquq müdafiə təşkilatı kimi bu cür haqsızlığa və ədalətsizliyə göz yuma bilmərik. Zakir Həsənovu bu vəzifəyə Prezident İlham Əliyev təyin edib. O, həqiqətən də bu vəzifəyə layiq şəxsdir. Gəlin, bir az obyektiv olaq. Yadınızdadırmı, Bakıda əsgər ölümləri ilə bağlı mitinqlər keçirilirdi. Lakin Zakir Həsənov nazir təyin olunandan sonra işgəncələr, əsgərlərin döyülməsi, onlardan nəyinsə tələb olunması hallarının hamısına son qoyuldu. Əsgərlər onlara aid olmayan işlərdən uzaqlaşdırıldı. Əvəzində bu işlərə mülki şəxslər cəlb olundu. Azərbaycan Milli Ordusunda xeyli müsbət dəyişikliklər, irəliləyişlər edilib. Ordunun şəxsi heyəti arasında ruh yüksəkliyi xeyli artıb. Əminliklə deyə bilərəm ki, bu gün Ermənistanla müharibə şəraitində olmağımıza və torpaqlarımızın hələ də işğal altında olmasına baxmayaraq, üstünlük artıq Azərbaycanın tərəfindədir".

E.Behbudov qeyd edib ki, müdaifə naziri ilə son görüşündə ordu sıralarında insan hüquqları sahəsində aparılan monitorinqlərin nəticələri ilə yanaşı, son günlər Müdafiə Nazirliyi sistemində yüksək rütbəli zabitlərin vəzifədən uzaqlaşdırılmaları və həbslər məsələsi də müzakirə edilib. Həmin görüşdə nazir deyib: "Bu, dövlət başçısının göstərişidir və işlər birbaşa Prezidentin nəzarəti altında həyata keçirilir. İstər general olsun, istərsə də aşağı rütbəli zabit, əgər korrupsiyaya qurşanıbsa, orduda başqa neqativ hallarla məşğuldursa, rütbəsindən, fəaliyyətindən və keçmisindən asılı olmayaraq belə hərbçilərə Silahlı Qüvvələr sistemində yer olmamalıdır. Mən bunların hamısını araşdırıb belələrinin fəaliyyətinə son qoyacağam".

Komitə sədrinin fikrincə, müdafiə naziri ilə bağlı aparılan qarayaxma kampaniyası sifarişlidir: "Onlar Azərbaycanın ordu quruculuğu yolunda əlindən gələni edən, kabinetindən çox səngərlərdə olan bir insanın irəli getməsinə kömək etmək əvəzinə qarayaxmalarla məşğuldurlar. Belə anlaşılır ki, bu məqalələr sifarişlə yazılır. Rütbələri bir-birindən ayırd edə bilməyən insanların ordudan, Silahlı Qüvvələrin vəziyyətindən yazması gülünc doğurur. Axı həmin yazıları bu gün düşmənlərimiz də oxuyur. Bu, yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti