...

Başın sağ olsun, VƏTƏN!

Siyasət Materials 26 Sentyabr 2015 15:45 (UTC +04:00)
Azərbaycan Milli Ordusu daha bir şəhid verdi. Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
Başın sağ olsun, VƏTƏN!

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Azərbaycan Milli Ordusu daha bir şəhid verdi. Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir hərbi qulluqçusu - əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub.

Şəhidimizin yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyirəm.

Başın sağ olsun VƏTƏN! Daha bir övladın sənin uğrunda canından, qanından keçdi. İndi digər şəhidlərin kimi sənin müqəddəs torpağında - qoynunda uyuyacaq. Sənə gəldi. Səni sevdiyi üçün.

Şəhidimizə - gənc yaşında həyata vida etmiş bu övladımıza ağlamayacam. Göz yaşlarımı düşmən üzərində qələbə qazanacağımız günə saxlayıram. O günü yaşadığımda bu övladlarımızı yad edib sevincdən ağlayacam çünki. Göz yaşlarımı uzun illər həsrətini çəkdiyim torpaqlarımızın üzərinə tökəcəm.

VƏTƏN - sənin üçün həyatını vaxtsız itirmiş gənc övladının anasına deməyə nə söz yetməz, nə də acılarını ovutmaq üçün təskinlik verməyə ifadələr yetməz. Deyiləcək tək söz bu - VƏTƏN sağ olsun.

Belə övlad yetişdirdiyiniz üçün qarşınızda baş əyirəm - əziz ANA. Əllərinizdən öpürəm. Sizə sözüm o ki, başınız önünüzə əyilməsin. Əmin olun ki, övladınızın qanı tökülən bu müqəddəs torpaq düşmən tapdağından xilas ediləcək. Təmizlənəcək. Paklanacaq. Buna tam əmin olun.

Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə, məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bunu bütün dünya da görür və yaxşı başa düşür. Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. Düşməni susdurmaqsa bizim VƏTƏN qarşısında müqəddəs borcumuzdur. Gələcək nəsillərə belə bir ağır yükü qoyub getməyə ixtiyarımız yoxdur.

Bu gün bizi şərəflə qoruyan Azərbaycan əsgəri - səninlə fəxr edirəm. Bu VƏTƏNin namusu sənə əmanətdir. Üzərində gəzdiyimiz torpağın əmin-amanlığını şərəfinlə qoruduğun üçün sənə minnətdaram!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti