...

Oqtay Əsədov: Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşmasına hər cür kömək etməyə hazırdır

Siyasət Materials 21 Dekabr 2015 19:42 (UTC +04:00)
Dekabrın 21-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oqtay Əsədov: Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşmasına hər cür kömək etməyə hazırdır

Bakı. Trend:

Dekabrın 21-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, sədr qonaqları səmimi salamlayaraq, İ.Kahramanın 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edib, ona bu məsuliyyətli vəzifədə uğurlar arzulayıb. Spiker belə bir inamı ifadə edib ki, qarşıdakı illərdə də Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasındakı münasibətlər yüksələn xətlə inkişaf edəcək.

Sədr noyabrın 1-də həm Azərbaycanda, həm də Türkiyədə keçirilən seçkilərdən sonra formalaşmış parlamentlərin sədrlərinin qısa zaman kəsiyində görüşlərini önəmli hesab edib. Ümidvar olduğunu bildirib ki, bu cür görüşlər mütəmadi xarakter daşıyacaq. Qeyd edilib ki, Türkiyədəki seçkilərdən sonra bu ölkənin rəsmiləri ilk səfərlərini məhz Azərbaycana edirlər: "Əlbəttə ki, bu, qürurvericidir! Bu bizim sarsılmaz dostluğumuzdan xəbər verir. Ümidvaram ki, başqa dövlətlər üçün nümunə olacaq bu münasibətlər və bu ənənə gələcəkdə də qorunub saxlanacaq, daha da inkişaf etdiriləcək".

O.Əsədov əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşlərini və aparılan danışıqların əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir: "Hazırda Azərbaycanda 2660-dan çox Türkiyə şirkətləri, qardaş ölkədə isə 1360-dan çox Azərbaycan şirkətləri fəaliyyət göstərirlər. Biz 2020-ci ilədək Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoymaq niyyətindəyik. Parlamentlər səviyyəsində əlaqələrimiz də təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər".

Sədr regionda yaranmış son vəziyyətlə əlaqədar fikirlərini açıqlayaraq, yaxın qonşumuz Rusiya ilə dostluq münasibətlərdə olduğumuz Türkiyə arasında münasibətlərin tezliklə normallaşacağına inamını ifadə edib. Bunun üçün Azərbaycan tərəfinin hər cür köməklik etməyə hazır olduğunu söyləyib.

Sədr Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu prinsipial mövqeyə görə bir daha minnətdarlığını bildirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri İ.Kahraman spiker kimi ölkəmizə ilk səfərindən və buradakı görüşlərdən məmnun qaldığını söyləyib. O, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışaraq, nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda da strateji tərəfdaş kimi ortaq mövqedən çıxış etmələrini yüksək dəyərləndirib.

Bildirilib ki, bu günədək Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində investisiya qoyub, Azərbaycan isə öz növbəsində 9 milyard ABŞ dolları həcmində Türkiyə iqtisadiyyatına yatırımlar edib. Hər iki ölkə regionda qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə işə düşməsi isə dünyanın bu bölgəyə marağını və diqqətini daha da artıracaq.

Qonaq Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, problemin sülh yolu ilə tezliklə həllinə inamını ifadə edib.

İ.Kahraman son dövrdə regionda yaranmış mürəkkəb bir dönəmdə Azərbaycanın tutduğu mövqeyə və hadisələrə həssaslıqla yanaşmasına görə minnətdarlığını bildirib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Əhliman Əmiraslanov, deputatlardan Malik Həsənov, Nizami Cəfərov, Muxtar Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti