...

Eskpert: Ermənilər beynəlxalq təşkilatlardakı uğursuzluqlarının əvəzini çıxmağa cəhd edirlər

Siyasət Materials 8 Fevral 2016 08:06
Ermənilər beynəlxalq təşkilatlardakı uğursuzluqlarını ört-basdır etmək, əvəzini çıxmağa cəhd edirlər.
Eskpert: Ermənilər beynəlxalq təşkilatlardakı uğursuzluqlarının əvəzini çıxmağa cəhd edirlər

Trend-i buradan izləyin

Bakı. Mətanət Əliyeva - Trend:

Ermənilər beynəlxalq təşkilatlardakı uğursuzluqlarını ört-basdır etmək, əvəzini çıxmağa cəhd edirlər. Onlar bunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə müzakirələr aparılarkən daha çox humanitar məsələləri gündəmə gətirməklə etməyə çalışırlar. Ermənilər hesab edirlər ki, bu taktika ilə Azərbaycanla siyasi mübarizədə daha çox uğur qazana bilərlər. Bu, ermənilərin hazırda apardığı fəaliyyətin bir istiqamətidir.

Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

E.Ələsgərov bildirib ki, Amerika və Avropanın bəzi beynəlxalq təşkilatlarının insan haqları pərdəsi altında apardıqları siyasi oyunlarda ermənilər də iştirak etmək istəyirlər və öz məsələlərini bu pərdə altında aparmağa, bu fondan faydalanmağa çalışırlar.

Ekspert qeyd edib ki, ikinci istiqamət isə ermənilərin beynəlxalq məhkəmələrdə apardığı işlərdir: "Ermənilər hazırda vaxtilə Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı Xocayan Arsen Ananyayeviç ilə bağlı belə bir iş aparırlar. O, 7 mart 2014-cü tarixdə Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb. Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında 2014-cü il 10 apreldə Ermənistana qaytarılıb. A.Xocayan Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib. İki aydan sonra Xocayan ölüb. Ermənilər Xocayanla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Ermənilər iddia edirlər ki, Xocayan Azərbaycanda olduğu müddətdə təzyiqlərə, işgəncəyə məruz qalıb. Ermənilər tərəfindən Avropa Məhkəməsinə edilən digər bir müraciət isə Qurgen Markaryanın ailəsi tərəfindən edilib. Azərbaycan və Macarıstan dövlətinə qarşı Qurgen Markaryanın ailəsi tərəfindən iddia qaldırılıb. Müraciətdə Azərbaycan və Macarıstan dövləti tərəfindən haqsızlıq edildiyi iddia edilir".

Ekspert qeyd edib ki, onsuz da ermənilər imkan tapdıqları bütün fürsətlərdə iddia edirlər ki, Azərbaycanda insan haqları qorunmadığından onlar burada rahat yaşaya bilməzlər: "Bu iddialarında isə ermənilər qərəzli, ikili və məqsədli siyasi oyunlara xidmət edən bəzi beynəlxalq təşkilatların uydurduğu məlumatlara istinad edirlər. Biz bu məsələlərdə erməni yalanlarına, iddialarına qarşı hazır olmalı və hüquq sisteminin bizə verdiyi imkanlardan istifadə edərək erməni əks-hücumunun qarşısını almalıyıq. Bu fəaliyyətdə məhkəmələrin bizə verdiyi imkanlardan yararlanmalıyıq".

E.Ələsgərov həmçinin deyib ki, Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlarda uğurlu xarici siyasət aparılır: "Amma bununla yanaşı, hüquq sistemi üzrə aparılan fəaliyyət daha da artırılmalıdır. Azərbaycanın artıq beynəlxalq məhkəmədə uğurlu bir işi olub. Bu, Çıraqovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərardır. Bu iş davam etdirilməlidir".

Ekspert onu da əlavə edib ki, ermənilər sərhəddə baş verən hər bir atışma hadisəsi, baş verən hər bir ölüm faktı ilə bağlı cinayət işi açırlar: "Münaqişə zamanı baş vermiş hər bir hadisə ilə bağlı cinayət işi açılmalı, hər bir faktla bağlı məlumatlar toplanılmalıdır. Bu cinayət işlərinin açılması, məlumatların toplanması ermənilərin əməllərinin ifşa edilməsi üçün lazımdır".

E.Ələsgərov qeyd edib ki, Azərbaycan tərəfinə keçmiş erməni vətəndaşı - Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan tərəfindən Ermənistan hakimiyyətinə qarşı cinayət işi açılması ilə bağlı məhkəməyə müraciət etmək olar: "Onun Ermənistanda qalan anasına qarşı erməni rejiminin etdiyi təzyiqlər, sui-qəsd halları barədə hüquq müstəvisində məsələ qaldırılmalıdır. Ermənistan siyasi hakimiyyətinin insan hüquq və azadlıqlarının pozulması ilə bağlı etdiyi qanunsuzluqlar ifşa olunmalıdır. Emənilərin insan haqlarının pozulması ilə bağlı etdiyi faktlarla əlaqədar beynəlxalq məhkəmələr səviyyəsində iş aparılmalıdır. Təəssüflə qeyd edilməlidir ki, dünyada insan haqları ilə bağlı fəaliyyət göstərən təşkilatlar ermənilərin insan haqlarının pozulması ilə əlaqədar etdikləri haqqında danışmaq istəmirlər. Səbəb isə odur ki, bu, həmin qurumların maraq dairəsində deyil".

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti