Bakı. İlhamə İsabalayeva - Trend:
"ABŞ dünya siyasətini həll edən ölkələrdən biridir. Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin yaxşılaşması Azərbaycan həqiqətlərinin dünyada yayılması, təbliğ olunması deməkdir". Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin ABŞ-a səfəri iki ölkə arasındakı əlaqələrə böyük fayda verə bilər: "ABŞ dünyanın ən güclü dövləti sayılır. Dünyada baş verən hadisələrin demək olar ki, bilavasitə həm təşkilatçısı, həm də istiqamətvericisidir. Bu gün Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması Azərbaycan xalqı üçün də, Azərbaycanın siyasi, iqtisadi baxımdan inkişafı üçün də, ölkənin müstəqilliyinin möhkəmlənməsi Qarabağ torpaqlarının azad olunması üçün də çox faydalıdır. Çünki ATƏT-in həmsədrlərindən biri olan ABŞ dünyada sözü keçən bir dövlətdir. Sözsüz ki, ABŞ daha da səy göstərsə, Dağlıq Qarabağ problemi tez bir zamanda həll oluna bilər".
T.Rzayev bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşması həm də Azərbaycanın dünyada söz sahibi olması baxımından çox əhəmiyyətli bir haldır: "Azərbaycan Prezidenti də xarici ölkələrlə, o cümlədən ABŞ-la əməkdaşlığa, münasibətlərin möhkəmlənməsinə çox böyük üstünlük verir".