...

Sevinc Fətəliyeva: Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin qorunması və inkişaf etdirilməsinin əsasıdır

Siyasət Materials 13 İyun 2016 15:08 (UTC +04:00)
Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır.
Sevinc Fətəliyeva: Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin qorunması və inkişaf etdirilməsinin əsasıdır

Bakı. Trend:

"Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi, tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var".

Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva söyləyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir".

Onun sözlərinə görə, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır: "Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti