Bakı. Trend:
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan DQİDK sədri Q.İsakzaini yeni vəzifəyə təyin olunması və Ramazan ayının başlanması münasibətilə təbrik edib. Yaxın günlərdə fəaliyyətinin 15 illiyini qeyd edəcək Dövlət Komitəsinin yaranma tarixindən bəhs edən M.Qurbanlı Komitənin Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətin din siyasətinin yüksək səviyyədə həyata keçirilməsi üçün yaradıldığını və bu istiqamətdə qarşısına mühüm vəzifələr qoyulduğunu deyib.
Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını önə çəkən M.Qurbanlı ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib. Komitə sədri qeyd edib ki, biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Bu istiqamətdə tədbirlərin "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq formada həyata keçirildiyini deyən M.Qurbanlı dini radikalizmlə mübarizənin hüquqi, iqtisadi və ideoloji təbliğat olmaqla üç istiqamətdə aparıldığını bildirib.
Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək bildirib ki, Azərbaycan ərazilərinin iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. M.Qurbanlı BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılmasına dair dörd qətnamə qəbul etməsi, amma bu qətnamələrə əməl olunmaması ilə bağlı fikirlərini də qonağın diqqətinə çatdırıb.
M.Qurbanlı qeyd edib ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi bu quruma olan etimada mənfi təsir göstərir.
Komitə sədrinin təbriklərinə görə təşəkkürünü bildirən Q.İsakzai ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu, bu inkişafın Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verdiyini vurğulayıb.
Qonaq bildirib ki, BMT-nin baş katibi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı geniş işlər görülür. Bu istiqamətdə BMT-nin baş katibi tərəfindən "Zorakı Ekstremizmin Qarşısının alınması üzrə Fəaliyyət Planı" təsdiq edilib.
Dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti yüksək dəyərləndirən BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Q.İsakzai Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını da diqqətə çatdırıb.
Sonda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.