...

Çingiz Qənizadə: Yaxşı olar ki, müşahidəçi göndərib seçkiyə münasibəti özləri görsünlər

Siyasət Materials 23 Sentyabr 2016 10:08 (UTC +04:00)
Konstitusiyaya 29 dəyişikliyin edilməsi üçün 2 ay müddətində referendumun keçirilməsi tamamilə qanunauyğundur və burada problem axtarmağa dəyməz.
Çingiz Qənizadə: Yaxşı olar ki, müşahidəçi göndərib seçkiyə münasibəti özləri görsünlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Konstitusiyaya 29 dəyişikliyin edilməsi üçün 2 ay müddətində referendumun keçirilməsi tamamilə qanunauyğundur və burada problem axtarmağa dəyməz.

Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı qərəzli rəyinə münasibət bildirərkən deyib.

Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə həmişə normal əməkdaşlıq etdiyini deyən deputatın sözlərinə görə, bu komissiyanın hətta bir müddət əvvəl Seçki Məcəlləsinə etdiyi təkliflər müzakirə olunub və bəzi məsələlərdə düzəlişlər edilib: “Amma indi Venesiya Komissiyası bilərəkdən referenduma bir necə gün qalmış qəflətən rəyini elan etməklə sanki əvvəldən düşünülmüş bir oyunun tərkib hissəsini artıq büruzə verdi. Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin mətbuat konfransında söylədiyi fikirlərlə tam razıyam. Venesiya Komissiyasının rəyi səthi və qərəzlidir”.

Ç.Qənizadə deyib ki, Konstitusiyaya dəyişiklik Azərbaycan qanunlarına tam uyğun həyata keçirilir.

Deputat qeyd edib ki, referendumla bağlı təbliğat və təşviqat kampaniyası Seçki Məcəlləsinə uyğun olaraq, prosesə 23 gün qalmış başlayıb və 1 gün qalmış başa çatacaq: “Bu, çox normaldır. Biz yerlərdə görüşlər də keçiririk. Əhali arasında bu məsələyə çox normal yanaşma var. İki ay müddətində referendumun ölkə daxilində keçirilməsi tamamilə qanunauyğundur və burada hər hansı problem axtarmağa dəyməz. Yaxşı olar ki, müşahidəçilər göndərsinlər, seçki günü həmin müşahidəçilər məntəqələrdə olsunlar. İnsanların seçkiyə münasibətini öz gözləri ilə görsünlər”.

Ç.Qənizadə qeyd edib ki, Azərbaycanda vitse-prezidentlik institutu tətbiq edilərsə və ölkəmiz bu təcrübədən yararlanarsa, Venesiya Komissiyasının vitse-prezidentlik institutunun yaradılmasına qarşı çıxması başa düşülən deyil: “Hesab edirəm ki, bu, hər bir ölkənin öz daxili işidir. Dövlətin idarəetmədə demokratik ənənələrə sadiq qalaraq, dövlət idarəçiliyinin formasında hansısa bir presedent hüququnu, beynəlxalq hüquq normalarını, başqa dövlətlərin təcrübəsindən yararlanaraq öz ölkəsində tətbiq etməsi normaldır. Buna görə də Venesiya Komissiyasının iradlarına öz etirazımı bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti