...

Pakistanın Baş nazirinə BDU-nun fəxri doktoru diplomu təqdim edilib (FOTO)

Siyasət Materials 14 Oktyabr 2016 16:14 (UTC +04:00)
Bakı Dövlət Universitetində Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.
Pakistanın Baş nazirinə BDU-nun fəxri doktoru diplomu təqdim edilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, M.N.Şərif öncə universitetin Şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb.

Tələbələr urdu dilində Azərbaycan-Pakistan əlaqələri ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini söyləyiblər. Ali qonağın Heydər Əliyev Muzeyi ilə tanışlığından sonra tədbir işini universitetin böyük akt zalında davam etdirib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş tanınmış ictimai-siyasi xadim, Pakistanın Baş naziri M.N.Şərifi salamlayaraq onun Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb.

Ali qonaq haqqında məlumat verən rektorun sözlərindən aydın olub ki, M.N.Şərif 1949-cu il dekabrın 25-də Pakistanın Pəncab vilayətinin Laxor şəhərində anadan olub. Pakistan Müsəlman Liqasının sədri olan M.N.Şərif dörd dəfə ölkəsinin baş naziri seçilib və baş nazir olduğu bütün dövrlərdə Pakistan-Azərbaycan əlaqələrinin inkişafına xüsusi önəm verib.

Ölkələr arasında yüksək səviyyəli strateji müttəfiqlikdən bəhs edən rektor qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, İslam dünyasının ən böyük və qüdrətli ölkələrindəndir. Rektor onu da bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyini hiss etdirib, Xocalı soyqırımını tanıyaraq ölkəmizə dəstək verib, Qarabağ münaqişəsinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə BMT üzvü kimi tarixə düşüb.

Rektor A.Məhərrəmov iki dövlət arasındakı diplomatik əlaqələrdən də bəhs edib. 1993-cü ildə Pakistanın Bakıda, 1997-ci ildə isə Azərbaycanın İslamabadda səfirliklərinin açıldığını vurgulayıb. Deyib ki, ümummilli lider Heydər Əliyev ölkələr arasındakı dostluq əlaqələrinin inkişafına xüsusi önəm verib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində olmasına çalışıb. Prezident İlham Əliyev də bu uğurlu siyasəti davam etdirərək əməkdaşlığın ən müxtəlif sahələri üzrə inkişafını daim diqqət mərkəzində saxlayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da iki qardaş ölkə arasında münasibətlərin güclənməsinə yönəlmiş xüsusi xidmətləri var.

Rektor eyni zamanda, Bakı Dövlət Universiteti haqqında məlumat verib, BDU-da dünyanın 14 qabaqcıl dilinin, o cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb.

Rektor çıxışının sonunda Bakı Dövlət Universiteti Elmi Şurasının 12 oktyabr 2016-ci il tarixli iclasında M.N.Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib.

Məlum olub ki, ali qonaq “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Pakistan arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə» BDU-nun Fəxri doktoru adına layiq görülub.

Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.

Sonra Pakistanın Baş naziri M.N.Şərif BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti