...

Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib (FOTO)

Siyasət Materials 28 Fevral 2017 13:45 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçirilib.
Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib (FOTO)

Bakı. Trend:

Niderlandın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. Qurultayda Avropanın 27 ölkəsindən 91 nümayəndə qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Qurultayda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Dövlət Komitəsinin Nazim İbrahimov da iştirak edib.

Qurultayı AAK-ın prezidenti Samira Patzer-İsmailova giriş sözü ilə açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Qurultay öz işinə başlayıb.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov Azərbaycan Prezidentinin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə Prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayının iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətimizin başçısının müraciətində bildirilib ki, müasir dövrdə qələbələr təkcə hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırmalı, mədəniyyətimizin təbliği istiqamətində yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini bildirib, qurultayın işinə uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən Prezidentin köməkçisi deyib: “Prezident İlham Əliyev ümummilli liderin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycanla əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir”.

Sonra Azərbaycan Prezidentinin 28 dekabr 2016-cı il tarixli sərəncamı ilə yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş AAK üzvlərinə mükafatlar təqdim olunub.

Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra AAK-ın prezidenti S.Patzer-İsmailova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər barədə geniş məlumat verib. Daha sonra Mandat Komissiyasının hesabatı dinlənilib.

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Niderland Krallığı Nord Holland əyalətnin millət vəkili Songül Akkaya, Finlandiya Azərbaycalıları Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Əlizaman Hüseynov, Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi və digərləri çıxış edərək AAK-ın fəaliyyəti barədə fikir və təkliflərini səsləndiriblər. Qeyd olunub ki, AAK-ın fəaliyyətinin daha da gücləndirilməsi üçün fəaliyyət proqramı hazırlanmalı və həyata keçirilməlidir.

Sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edilib, AAK-a yeni üzvlər qəbul olunub.

Qurultay iştirakçıları, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımnını 25-ci ildöünümü ilə bağlı bəyanat mətnini müzakirə edərək qəbul ediblər.

Avropa Azərbaycanlıları Konqresi V Qurultayı iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.

Toplatının yekununda AAK-ın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub. S.Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti seçilib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Estoniya parlamentinin sabiq deputatı Eldar Əfəndiyev, Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Rusiya “OTDO” hüquq firmasının sədri Samir Məmmədov təşkilatın vitse-prezidentləri seçiliblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. O, AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu, qısa vaxt ərzində uğurlu bir yol qət etdiyini vurğulayıb. Dövlət Komitəsinin sədri AAK-ın daha güclü bir quruma çevrilməsi üçün bütün üzv təşkilatların fəal işləməli olduğunu vurğulayıb. O, təşkilatın fəaliyyətində yeni texnologiyaların tətbiqinin zərurliyini diqqətə çatdırıb.

N.İbrahimov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi bundan sonra dəstək göstərəcək. Dövlət Komitəsinin sədri Avropada Azərbaycan həqiqətlrinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün AAK-ın yeni rəhbərliyinin fəal işləməli olduğunu bildirib. AAK-ın rəhbər strukturlarına seçilmiş şəxslərə və bütün təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti