...

Bakıda 41-ci Dünya Skaut Konfransının təntənəli açılış mərasimi olub (FOTO)

Siyasət Materials 15 Avqust 2017 01:39 (UTC +04:00)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın paytaxtında Bakı Konqres mərkəzində 41-ci Dünya Skaut Konfransının təntənəli açılış mərasimi olub. 14-18 avqust tarixlərində keçən konfransda iştirak etmək üçün 40 milyondan artıq skautu təmsil edən milli skaut təşkilatlarının liderləri Bakıda toplaşıb. Bundan əvvəl, 7-10 avqust tarixlərində Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib.

Tədbirlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Ümumdünya Skaut Hərəkatı Təşkilatı və Azərbaycan Skautlar Assosiaysiya tərəfindən təşkil olunub.

41-ci Dünya Skaut Konfransının təntənəli açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçılarına 41-ci Dünya Skaut Konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarx həmçinin bir sıra ölkədən olan skaut hərəkatlarının nümayəndələrinin Azərbaycan mədəniyyəti, adətləri, tarixi və arxitekturası ilə tanış olmaqlarını əks etdirir. Daha sonra Azərbaycanın gənc nəslin skautları nümayəndələri skaut hərəkatının prinsiplərindən danışıblar, səhnəyə Azərbaycanın Döblət bayrağı və skaut hərəkatının bayrağı gətirilib. Sonra Azərbaycan skautlarının himni səslənib.

Gənclər və idman naziri Azad Rəhimov 41-ci Dünya Skaut Konfransının iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxudu.

Öz çıxışında Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı qeyd edib ki, Azərbaycanda mili skaut hərəkatlarının liderlərini qəbul etmək böyük şərəfdir: "Biz istəyirik ki, qonaqlar özlərini evdəki kimi hiss etsinlər, bizim qonaqpərvərliyimizi hiss etsinlər, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olsunlar. 41-ci Dünya Skaut Konfransının keçirilməsi tarixi hadisədir, və bu tədbirin bütün iştirakçıları bu vacib hadisənin bir hissəsi oldular. Dünya Skaut Konfransı - yalnız dostların görüşü, çox gözəl təcrübə əldə etmək deyil, biz burada toplanmışıq ki, 40 milyondan artıq insana toxunacaq vacib qərarlar alaq. İnanıram ki, konfransın iştirakçıları bir komandaya birləşəcək və bizim böyük hərəkatda gələcək dəyişikliklər üçün birgə işləyəcəklər".

Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi konfransın çox əla təşkilinə görə minnətdarlığını bildirib və vurğulayıb ki, qəbul edən tərəf misilsiz işlər görüb.

Baş katib qeyd edib ki, Bakıda 41-ci Dünya Skaut Konfransı skaut hərəkatının inkişafında mühüm rol oynayacaq, və bütün tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd olunub ki, skaut hərəkatı inkişaf edir və genişlənir və onun missiyası daha yaxşı dünyanın yaradılmasıdır. Bakıdakı konfrans "Müsbət dəyişikliklərə birlikdə" adı alıb və bu skaut hərəkatının yarandığı gündən əsas məqsədidir.

Əhməd əl-Hindavi Azərbaycanın zəngin mədəni irsinə heyran olduğunu bildirərək qeyd edib ki, onun sevimli şairlərindən biri böyük azərbaycan şairi Nizami Gəncəvidir.

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov öz çıxışında qeyd edib ki, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı skaut hərəkatında önəmli hadisələrdən birinə çevriləcək. Bu tədbirin Bakıda keçirilməsi Dünya Skaut Hərəkatı Təşkilatının ölkəmizə inamını və hörmətini əks etdirir.

Qeyd olunub ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçən cavan və müstəqil ölkədir.

Bildirilib ki, bu gün insanlar dünyanı narahat edən problemləri həll etmək üçün birləşməlidirlər və əgər səyləri birləşdirsək insanlar hər bir ölkədə rifah əldə edə biləcəklər.

Baş nazirin müavini vurğulayıb ki, Dünya Skaut Hərəkatı Təşkilatı öz sıralarında müxtəlif yaşlı insanları birləşdirir. Bu hərəkat müxtəlif yaşlı və müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşmaya kömək edir.

Əli Əhmədov əminliklə bildirib ki, Dünya Skaut Hərəkatı Təşkilatı gələcəkdə onun qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirəcək

41-ci Dünya Skaut Konfransının açılış mərasimi atəşfəşanlıqla başa çatıb.

Xəbər lenti

Xəbər lenti