Bakı. Elçin Mehdiyev - Trend:
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu ilin tarixə iqtisadi islahatlar ili kimi düşməsi 2014 və 2015-ci illərdə Azərbaycan Prezidenti tərəfindən qlobal iqtisadiyyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyasının müəyyənləşdirilməsi ilə bağlıdır:
“Əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyənləşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı, bugünkü uğurlardan da danışmaq olmazdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın valyuta ehtiyatları, ölkəmizin iqtisadi və siyasi müstəqilliyini şərtləndirən strateji vasitədir. Çünki ölkənin valyuta ehtiyatları yoxdursa, dərhal ən müxtəlif beynəlxalq maliyyə institutları ilkin növbədə bir qədər cəlbedici, sonrakı mərhələdə isə ağır şərtlərlə borc verməklə dövlətləri kredit və borclarla yükləyirlər. Bununla da yenidən iqtisadiyyatı dirçəltmək üçün məşəqqətli bir yol keçmək lazım gəlir. Məhz bu məsələnin həssaslığını və hazırki mərhələdə Azərbaycan üçün bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə alan dövlət başçısı valyuta ehtiyatlarımızın artdığını vurğuladı. Qeyd olundu ki, bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard artıb”.
H.Babaoğlu bildirib ki, müharibə vəziyyətində olan bir ölkə üçün valyuta ehtiyatlarının qorunması başlıca strateji məsələdir: “Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizə çoxsaylı beynəlxalq təzyiqlər edilir. Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırki mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını deyən Prezident İlham Əliyev bildirdi ki, 2017-ci ilin 9 ayında ölkə başçısı kimi 14 xarici ölkəyə səfər edib. Eyni zamanda, 10 ölkənin dövlət və hökümət başçısı Azərbaycana səfər edib. Və ilin sonuna kimi qarşılıqlı səfərlər davam edəcək. Bu isə Azərbaycanın dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətlərinin ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdiyinin göstəricisidir”.