...

TUMİB: Türkiyə bölgə xalqlarını və öz əhalisini təhlükələrdən qorumaq üçün Afrin əməliyyatına başlamaq məcburiyyətində qaldı (FOTO)

Siyasət Materials 23 Yanvar 2018 18:40 (UTC +04:00)
TUMİB Türkiyənin Afrin bölgəsində keçirdiyi əməliyyatı dəstəkləyir.
TUMİB: Türkiyə bölgə xalqlarını və öz əhalisini təhlükələrdən qorumaq üçün Afrin əməliyyatına başlamaq məcburiyyətində qaldı (FOTO)

Bakı. Trend:

Türkiyə öz təhlükəsizliyinə olan təhdidin qarşısını almaq, habelə gələcəkdə mümkün terror aktlarını qabaqlamaq, bölgə xalqlarını və öz əhalisini təhlükələrdən qorumaq üçün Afrin əməliyyatına başlamaq məcburiyyətində qaldı.

Trend-in məlumatına görə, bunu “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) rəhbəri Çingiz Bayramov birliyin Türkiyənin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Çingiz Bayramov bildirib ki, İctimai Birlik olaraq Türkiyənin Afrin bölgəsində keçirdiyi əməliyyatı dəstəkləyir: “Bütün dünya Türkiyənin bu məsələdə haqlı mövqeyini dəstəkləyir. Türkiyə öz təhlükəsizliyinə olan təhdidin qarşısını almaq, habelə gələcəkdə mümkün terror aktlarını qabaqlamaq, bölgə xalqlarını və öz əhalisini təhlükələrdən qorumaq üçün Afrin əməliyyatına başlamaq məcburiyyətində qaldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “sonuncu terrorçu məhv edilənə qədər mübarizə davam edəcəkdir” fikrinin tezliklə həyata keçəcəyinə dərin inam hissimiz var”.

TUMİB sədri qeyd edib ki, bu gün Türkiyə dünyanın ən demokratik, ən tolerant dövlətlərindən biridir. Burada ermənilər çox rahat, firavan həyat yaşayırlar. Onlar burada vəzifələrə seçilir, hətta utanmadan qondarma soyqırımı iddialarından da əl çəkmirlər. Kürdlər də eynilə bütün Türkiyə vətəndaşları ilə bərabər hüquqlara malikdir. Türkiyənin Azərbaycanla münasibətləri də yüksək səviyyədə inkişaf edir.

Tədbirdə çıxış edən siyasi-şərhçi Nəzakət Məmmədova da Türkiyənin mövqeyini dəstəklədiyini deyib: “Türkiyənin bu əməliyyatı beynəlxalq çərçivədə tam qanunidir. Türkiyəni bu əməliyyatda qınayanların fəaliyyətinə nəzər salsaq, görərik ki, həmin dövlətlər özləri dəfələrlə bu kimi əməliyyatlar keçirib. İsrailin Marmara əməliyyatı buna ən bariz nümunədir. Böyük dövlətlərin hər biri öz təhlükəsizliyinə potensial təhdid gördüyü ölkələrin ərazisinə müdaxilə edib. Türkiyənin bu əməliyyatı da tam olaraq doğru və zamanında atılan addımdır.

Bu əməliyyat Türkiyə və Suriya sərhədində terror zolağı yaratmağa cəhdin qarşısını almağa hesablanıb. Türkiyə Afrin əməliyyatı ilə bu təhlükənin qarşısını aldı. Türkiyənin bu fəaliyyəti həm də Suriyanın bütövlüyü üçün vacibdir və gələcəkdə bu problemin dialoq şəklində həll olunmasına zəmin yaradır. Regionda sabitliyin bərpa olunması, Türkiyə sərhədlərinin təhlükəsizliyi baxımından Afrin əməliyyatı tam doğru və zamanında atılan addımdır”.

Tədbirin sonunda "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin Türk Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bəyanatı oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti