...

Berndə yaradılmış seçki məntəqəsində 100-ə yaxın Azərbaycan vətəndaşı qeydə alınıb

Siyasət Materials 11 Aprel 2018 14:51 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə İsveçrədə də keçirilir.
Berndə yaradılmış seçki məntəqəsində 100-ə yaxın Azərbaycan vətəndaşı qeydə alınıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə İsveçrədə də keçirilir.

Aprelin 11-də yerli vaxtla səhər saat 8-də paytaxt Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış seçki məntəqəsində prezident seçkilərinə start verilib.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub. Konsulluq şöbəsinin qeydiyyatında olan 100-ə yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti