...

Ekspert: Ermənistanın Azərbaycanın hərbi-senaye kompleksini blokadaya salmaq cəhdləri tam fiaskoya uğradı

Siyasət Materials 27 Sentyabr 2018 10:47 (UTC +04:00)
Ermənilərin ciddi əks cəhdlərinə baxmayaraq, Azərbaycan öz hərbi-sənaye kompleksini dünya ailəsinə tam qovuşdura bildi.
Ekspert: Ermənistanın Azərbaycanın hərbi-senaye kompleksini blokadaya salmaq cəhdləri tam fiaskoya uğradı

Bakı. Samir Əli - Trend:

Ermənilərin ciddi əks cəhdlərinə baxmayaraq, Azərbaycan öz hərbi-sənaye kompleksini dünya ailəsinə tam qovuşdura bildi. Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Bakıda çox uğurla təşkil edilən "ADEX-2018" III Azərbaycan Beynəxalq Müdafiə sərgisi bunu bir daha sübut etdi: "Sərgi xalqımıza, dünyadakı dostlarımıza və əlbəttə, düşmənlərimizə aydın və təsirli mesajları ilə diqqəti cəlb edir. Sərgidə nümayiş olunan yerli istehsallı hərbi məhsullar ölkəmizin neft-qaz strategiyasının böyük nəticələrindən biri olmaqla bərabər, həm də xalqımız üçün güclü qürur və fəxarət mənbəyidir. Üçüncü dəfə keçirilən sərgidə iştirakçı dövlətlərin və onları təmsil edən şirkətlərin sayca xeyli artması faktı xüsusi yanaşma tələb edir. Hətta xarici siyasətləri bir-biri ilə ziddiyyət təşkil edən ölkələrin bu sərgi çərçivəsində uğurla əməkdaşlıq etmələri önəmli faktdır. Beynəlxalq protokollarda bəzən Ermənistanın hətta müttəfiqi və ya erməni lobbisinin çox güclü olduğu ölkə kimi təqdim olunan dövlətlərin bu sərgidə fəal iştirakı da az əhəmiyyətli deyil".

A.Quliyev bildirib ki, Azərbaycanın silah alan ölkədən onu ixrac edən ölkəyə, habelə dünyanın mühüm silah sövdələşmələri üçün mötəbər məkana çevrildiyini nümayiş etdirmək baxımından sərginin əhəmiyyəti inkar oluna bilməz: "Azərbaycan istər mühüm iqtisadi, nəqliyyat, logistika layihələri və tranzit məntəqə kimi, istərsə də böyük humanitar-mədəniyyət platformalarının müzakirə arenası kimi özünü doğrulda bilmişdi, üçüncü hərbi sərgi isə ölkəmizin irimiqyaslı hərbi-texniki əməkdaşlıqlar üçün də çox münasib məkan olduğunu təsdiqlədi".

Ekspert qeyd edib ki, Ermənistanın Azərbaycanın hərbi-senaye kompleksini blokadaya salmaq cəhdlərinin tam fiaskoya uğradığını Bakıdakı ADEX-2018 sərgisi aydın şəkildə göstərdi:

"Ermənistan diplomatiyası çalışırdı ki, Azərbaycan öz hərbi-sənaye kompleksini qura bilməsin, çox ölkələrdən silah ala bilməsin, silah sata bilməsin, bir sözlə, dünyanın hərbi-silah kompleksi ailəsinə qosula bilməsin. Hətta Yerevan Azərbaycanla belə təmaslara gedən ölkələri şantaj etmək cəhdlərindən çəkinmirdi. Rusiyanın Azərbaycana silah satışını dayandırmağa isə ən yüksək səviyyədə cəhd etdi, lakin şəxsən Vladimir Putinin dilindən məşhur və dəqiq cavabı eşitdi: "Azərbaycanın pulu var, bizdən olmasa da, başqasından alacaq". Bundan əvvəl Ermənistan Çexiyanı Azərbaycana silah satışı məsələsində beynəlxalq qalmaqala çəkmək istəsə də, cəhdi uğursuz oldu. İndi bu ölkələr hərbi-sənaye komplekslərinin ümumdünya əməkdaşlığında Azərbaycana etibarlı və səmərəli tərəfdaş kimi baxırlar".

Baş redaktorun sözlərinə görə, Bakıdakı hərbi sərgi onu da göstərdi ki, Azərbaycanın hərbi-texniki əməkdaşlıq çevrəsi yeni-yeni ölkələrin hesabına daha da genişlənəcək:

"Bu sərgi Azərbaycanın müttəfiq və tərəfdaşlarının çoxalması və Ermənistanın təcrid vəziyyətinin güclənməsinə öz təsirini mütləq göstərəcək. "ADEX-2018" bütün parametrləri ilə geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi prosesini dərinləşdirmək gücünə malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti