Bakı. Trend:
ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil edildi və bu münasibətlə “Əbədi Ezamiyyət” sənədli filminin təqdimatı keçirildi.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ziyafətdə 250 nəfərdən çox ABŞ-ın dövlət qurumları, Vaşinqtondakı diplomatik korpus, ictimai-siyasi xadimlər və Azərbaycan diasporunun nümayəndələri iştirak etdi. Ziyafət Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədər silsilə tədbirlər çərçivəsində keçirildi.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri E.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu, həmin respublikanın bir çox sahələrdə, o cümlədən diplomatik uğurlar əldə etdiyini xatırlatdı. Bu xüsusda, AXC Parlamentinin sədri, böyük ziyalı Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən danışan səfir çətin şəraitə rəğmən Azərbaycanın de fakto müstəqilliyinin Müttəfiq dövlətlərin Şurası tərəfindən tanınmasına nail olduğunu vurğuladı.
Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin uğurları barədə danışan səfir 29 may 1919-cu ildə həmin heyətin ABŞ prezidenti V.Vilsonun görüşdüyünü və sonradan V.Vilsonun onlar barədə çox yüksək fikirlər söylədiyini xatırlatdı. Sonrada Ə.Topçubaşov və digər heyət üzvlərinin Azərbaycanın müstəqilliyi naminə həyatlarının sonunadək çalışdıqlarını bildirdi.
Səfir xatırlatdı ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra Fransaya ilk dəfə rəsmi səfərə gedən Ümummilli lider Heydər Əliyev Ə.Topçubaşov və digərlərinin məzarını ziyarət etmiş, onların məzarlarının abadlaşdırılmasına xüsusi diqqət yrılmış və hazırda da dövlətimiz Azərbaycan uğrunda həyatlarının sonunadək çalışmış bu dövlət xadimlərinin xatirəsini uca tutur. Səfir vurğuladı ki, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik ideallarını layiqincə yaşatmaqdadır.
Səfir həmçinin qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun ABŞ tərəfindən tanınması və diplomatik münasibətlər qurması bu günlərdə vəfat etmiş ABŞ-ın 41-ci prezidenti Corc Herbert Buşun rəhbərliyi dövründə baş vermişdir.
Sənədli filmin ərsəyə gətirən bütün heyətə təşəkkürünü bildirən səfir əsərin baş prodüseri Arzu Əliyevaya, filmi hazırlayan Bakı Media Mərkəzinə və göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban Əliyevaya öz xüsusi minnətdarlığını ifadə etdi.
Daha sonra ABŞ Konqresində beynəlxalq konfransda iştirak üçün Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri və Azərbaycan-ABŞ Dostluq Qrupunun rəhbəri Səməd Seyidov çıxış etdi. O, hər bir xalq kimi Azərbaycan xalqının da arzularının olduğunu və müstəqil dövlət qurmaqla bir arzuların bir qisminə nail olunduğunu bildidirdi. Azərbaycanın müstəqil inkişaf yolu ilə getdiyini söyləyən S.Seyidov Azərbaycan-ABŞ münasibətlərinin vacibliyinə toxundu, bu iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini qeyd etdi. O, Milli Məclisin üzvü olaraq Azərbaycan Parlamentinin 100-cü ildönümünü ABŞ-da qeyd etdiyini fəxrlə qey etdi.
Bundan sonra qonaqlara “Əbədi Ezamiyyət” filmi nümayiş etdirildi.