...

Azərbaycana qarşı "dekabr səlib yürüşü": səbəblər və iştirakçılar

Siyasət Materials 28 Dekabr 2018 14:08 (UTC +04:00)
Dekabrda Azərbaycan-Avropa İttifaqı münasibətlərində bir dönüş yarandığı və erməni lobbisinin buna kəskin reaksiyası müşahidə olunur.
Azərbaycana qarşı "dekabr səlib yürüşü": səbəblər və iştirakçılar

Bakı. Trend:

Dekabrda Azərbaycan-Avropa İttifaqı münasibətlərində bir dönüş yarandığı və erməni lobbisinin buna kəskin reaksiyası müşahidə olunur. Məsələ ondadır ki, Avropa komissarı Federika Moqerini Milanda ATƏT-in Nazirlər Şurasının toplantısında çıxışı zamanı Azərbaycanın da daxil olduğu tərəfdaşların ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinin vacib olduğunu vurğuladı. Eyni zamanda Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə həmsədri S.Karim qurumun rəsmi mövqeyini rəsmi jurnalda belə ifadə etdi: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik”.

Bu il dekabrın 12-də isə Avropa Parlamentinin plenar iclasında “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edildi. Bu sənəd Aİ-nin bütün qurumları üçün hüquqi və siyasi əhəmiyyətə malikdir. Orada isə qeyd olunur ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığına daxil olan ölkələrin hamısının – təbii ki, Azərbaycan da oraya daxildir – ərazi bütövlüyünü tanıyır, münaqişənin beynəlxalq hüququn normaları əsasında həllini və məcburi köçkün və qaçqınlara dəstəyi gücləndirməyi vacib sayır. Sənədin səsverməyə çıxarıldığı gün, yəni dekabrın 12-də, ondan bir gün əvvəl, dekabrın 11-də və daha əvvəl Avropa Parlamentinə bir anti-Azərbaycan basqısı başlanır. Dekabrın 11-də “Transparency International - Aİ” Azərbaycandan rüşvət almaq ittihamı ilə deputatlar arasında araşdırma aparmaq tələbi ilə Avropa Parlamentinin sədrinə məktub göndərir, ermənipərəst “The Shift” saytı eyni məzmunlu və Azərbaycan Prezidentinin ailəsi ilə bağlı böhtan xarakterli yazı dərc edir, Azərbaycanın keçmiş diplomatı Avropa Parlamentində korrupsiyaya qarşı mübarizəyə başladığı barədə status paylaşır, “Almaniya üçün Alternativ” faşist partiyası isə Avropa Parlamentinin daxilində sözügedən sənədə Ermənistanın maraqlarına uyğun olaraq “xalqların öz müqəddəratını təyin etməsi hüququ” ifadəsini əlavə etməyə çalışır. Paralel olaraq Prezident və ailəsinə qarşı təhqir kampaniyası qızışır. “The Guardian” qəzeti və başqa KİV-lər, o cümlədən bəzi Azərbaycan dilli internet televiziyalar “The Shift” saytının başladığı işi davam etdirdilər.

Beləliklə, Azərbaycan dövlətinin Avropa İttifaqı ilə münasibətlərindəki dönüş anı həm də Avropada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibəti köklü surətdə dəyişib. Qısa müddətdə sadalanan iki bəyanat və və Parlamentdə qəbul edilmiş sənəd buna sübutdur. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüşün yaxın olduğu daha bir müstəvi MDB müstəvisidir. Prezident İlham Əliyev artıq bir neçə dəfə elan edib ki, 2019-cu ilə münaqişənin nizamlanması aspektindən ümidlə baxır və bunun üçün əlverişli zəmin var.

Azərbaycan MDB daxilində aparıcı dövlətlər olan Belarus və Qazaxıstanı birmənalı və açıq şəkildə özünün müttəfiqinə çevirə bilib. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində də Ermənistana qarşı Belarus və Qazaxıstanın fəal iştirakı ilə bir alyans formalaşıb. Rusiya tərəfdən də münaqişənin nizamlanması üçün vasitəçiliyin fəallaşması müşahidə olunur. Dekabrın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Milan görüşündən sonra da həmsədrlərin ümidverici bəyanatı yayıldı. Yanvarda yenidən görüş olacağı, daha sonra Prezident və baş nazirin görüşünün aktuallaşacağı gözlənilir.

Beləliklə, 4 proses: 1) Azərbaycan-Avropa İttifaqı müstəvisində Azərbaycanın xeyrinə dönüşün yaranması; 2) MDB müstəvisində qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsi; 3) KTMT müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi; 4) diplomatik danışıqlar müstəvisində Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Düşənbə və Sankt-Peterburq danışıqları və nəhayət, XİN-lərin üç, o cümlədən, Milan görüşü müsbət bir dönüşün yarandığını deməyə əsas verir.

Bütün bu proseslər dekabr ayında xüsusilə intensivləşdi və konturları daha aydın görünməyə başladı.

Təbii ki, həm Avropa İttifaqı, həm də MDB müstəvilərində belə dönüşün müşahidə olunması hər iki prosesin əleyhdarlarını hərəkətə gətirməkdə və onlar eyni mövqedən çıxış etməkdədir.

Prezidentə, xüsusilə də ailə üzvlərinə qarşı hücumların intensivləşməsinin əsas səbəbi də məhz Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülməklə Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm mərhələnin astanasında olmağımızdır.

Son 1 ayda kampaniya şəklində, eyni tezislərlə, eyni vaxtda edilən hücumun əsas müşahidə olunan iştirakçıları bunlardır:

- “Transparency International - Aİ”-nin direktorunun Avropa Parlamentinə məktubu;
- Azərbaycanın keçmiş diplomatının Avropa Parlamentində korrupsiyaya qarşı hücuma başlaması haqqında yazısı;
- “The Shift” ermənipərəst saytında oxşar tezislərlə məqalə;
- Bəzi Azərbaycan dilli internet televiziyalar;
- “The Guardian” qəzetində böhtan xarakterli yazı;
- Təhqir qruplaşmasının yenidən fəallaşması;
- Birinci vitse-prezidentin adından saxta profillər yaradılması və saxta xəbərlərin yayılması.

Müstəqillik dövrünün təcrübəsi göstərir ki, ölkə hər dəfə genişmiqyaslı milli iqtisadi, siyasi və geosiyasi seçimlər qarşısında olduqda ciddi informasiya basqısı başlanır. Məsələn, 2011-ci ildə böyük qaz anlaşması ərəfəsində yenə Prezidentin, xüsusilə də ailə üzvlərinin ünvanına böhtan kampaniyası böyük vüsət almışdı. 2010-cu iln ortalarından “WikiLeaks”in Prezident ailəsi haqqında başladığı və başqa KİV-lərin də onu gündəlikdə saxlamağa çalışdığı şər-böhtan kampaniyası 2011-ci ilin aprel-mayınadək davam etdi. 2011-ci ilin avqustunda qaz anlaşması imzalandıqdan dərhal sonra informasiya hücumu necə qəfil başlamışdısa, eləcə də qəfil dayandı.

“WikiLeaks”in siyasi sifarişlər yerinə yetirməsi isə artıq sirr deyil. Məsələn, Qərb mətbuatı, “The Guardian”, “The Wall Street Journal” və s. yazır ki, hazırda ABŞ-da istintaq altında olan Pol Manaford və digər şəxslər 2013, 2015 və 2016-cı illərdə "WikiLeaks"in təsisçisinə baş çəkirmişlər, yəni siyasi sifarişlər vermək üçün.

Bütün bunlar göstərir ki, Azərbaycana milli maraqlarında güzəştə getməsi tələbi ilə yeni bir təzyiq kampaniyasına başlanıb.

Rus miqrantlarının məşhur bir sözü var: “Bizə guya kommunistlərə atırdıq, amma Rusiyaya dəyirdi”. İndi bizdə kommunistlər yoxdur. Guya hökumətə atırlar. Hədəf isə Azərbaycandır. Bəlkə də kimsə içərisində olduğu oyunun tam miqyasının nədən ibarət olduğu barədə məlumatsızdır. Odur ki, prosesə bir də bu tərəfdən baxmaq pis olmazdı.

Ekspert İbrahim Məmmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti