Bakı. Trend:
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.
Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib:
"İclasın sonunda bildirməliyəm ki, mən keçən il noyabr ayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışam. Bu il biz İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edəcəyik. Keçən il Bakıda və şairin doğulduğu Şamaxı şəhərində Nəsimi günləri, Nəsimi festivalı keçirilmişdir. Bütün bunları və Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, mən 2019-cu ili “Nəsimi ili” elan edirəm”.