...

Azərbaycan Prezidenti: Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük

Siyasət Materials 28 Yanvar 2019 22:01 (UTC +04:00)
Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük.
Azərbaycan Prezidenti: Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük

Bakı. Trend:

Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir: “Xüsusilə qeyd etməliyəm ki, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik. Vaxtilə müavinəti almış vətəndaşlar o zaman az məbləğ alıblar. O vaxt əgər biz onu dollara çevirsək, müavinət təqribən 20-50 dollar ətrafında idi. Yəni, imkanımız buna çatırdı, imkan yox idi. Ancaq bu gün 11 min manat tam başqa dəyər təşkil edir. Ona görə ölkəmizin iqtisadi inkişafı, maddi vəziyyətin yaxşılaşdırılması imkan verir ki, biz bir çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil verilib. Qeyd etdiyim kimi, bütün şəhid ailələri mənzillərlə təmin olunacaqlar, ardıcıllıqla, artıq proqram tutulur”.

Prezident vurğulayıb ki, ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur: “Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin.

Bilirsiniz, biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları var. Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir. Çünki biz iqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək və vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Ağır vəziyyətdə yaşayan vətəndaşlara biz imkan daxilində kömək göstəririk. Biz evini, eşiyini, torpağını itirmiş vətəndaşlar üçün şəhərciklər salırıq, evlər tikirik, onlara mənzillər veririk. Bu gün hələ də öz maddi imkanlarını lazımi səviyyədə təmin edə bilməyən vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir”.

Dövlət başçısı deyib ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb: “Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib.

Bu gün çıxışlarda Cocuq Mərcanlıdan danışıldı. Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib. Cocuq Mərcanlının abadlaşdırılması, yenidən qurulması hərbi qələbə nəticəsində mümkün olmuşdur. Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər”.

Prezident əlavə edib ki, bu işğalın səbəbləri haqqında Azərbaycan ictimaiyyəti yaxşı bilir: “Onun başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan xəyanətkar, satqın, səriştəsiz, biliksiz adamlardır. Onlar öz aralarında mübarizə, müharibə apararaq imkan verdilər ki, düşmən torpaqlarımızı zəbt etsin. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır.

Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti