...

Səfir: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar koreyalı iş adamlarının marağını cəlb edən mühüm amildir (MÜSAHİBƏ)

Siyasət Materials 30 Yanvar 2019 07:30 (UTC +04:00)
Trend Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Opun “Azernews”a müsahibəsini təqdim edir.
Səfir: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar koreyalı iş adamlarının marağını cəlb edən mühüm amildir (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

Trend Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Opun “Azernews”a müsahibəsini təqdim edir.

Azərbaycanla Koreya Respublikası arasında diplomatik münasibətlərdə əsas nailiyyətlər

Kim Tonq Opun fikrincə, iki ölkənin belə qısa müddət ərzində bu cür nəzərəçarpan diplomatik nailiyyətlər əldə etməsi diqqətəlayiqdir.

O qeyd edib ki, yüksək səviyyədə qarşılıqlı səfərlər və Cənubi Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti hər zaman ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edir. Diplomat əlavə edib ki, ticarətin həcmi, mədəni əlaqələr və insanlar arasında təmaslar artıb:

“Biz, həmçinin nazir müavinləri səviyyəsində həm siyasi, həm də iqtisadi sahələrdə daimi məsləhətləşmələr üçün kanallar təşkil etmişik. Amma deyərdim ki, ilk növbədə Koreya Prezidenti Ro Mu Hyunun 2006-cı ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin isə 2007-ci ildə Cənubi Koreyaya səfəri 1992-ci ildən bəri qarşılıqlı əməkdaşlıq tariximizin ən mühüm nailiyyətləri hesab olunmalıdır. Hər iki səfər ikitərəfli əməkdaşlığımızın ilkin mərhələsini başa çatdırdı və ölkələrimiz arasında daha yüksək səviyyəli qarşılıqlı anlaşma və vacib əməkdaşlığa start verdi”.

İqtisadi əlaqələr

Səfir bildirib ki, Cənubi Koreya və Azərbaycan həqiqətən də böyük iqtisadi uğurlara nail olublar:

“2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 85,5 milyon dollar təşkil edib, 2018-ci ilin ilk 11 ayı ərzində isə iki dəfə artaraq 150 milyon dollara çatıb. İndiyədək Koreya Respublikası Azərbaycan iqtisadiyyatına 180 milyon dollar investisiya qoyub. Kənd təsərrüfatı, təhsil, səhiyyə kimi sahələrdə münasibətlərin inkişafı üçün yaxşı potensial var”.

Diplomatın sözlərinə görə, Koreya və Azərbaycan hökumətləri arasında bu ay Bakıda imzalanmış qrant yardımı haqqında çərçivə sazişi ən əhəmiyyətli birgə nailiyyətlərimizdən biridir və ikitərəfli münasibətlərin gələcək inkişafına çox müsbət təsir göstərəcək.

“Mən Koreya şirkətlərinin Azərbaycanda sənaye, nəqliyyatın idarə olunması, şəhərsalma, arxitektura və digər sahələrdə uğurlu fəaliyyətini vurğulamaq istərdim. Koreya şirkətləri Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılması, Bakı Olimpiya Stadionunun, “Azərsu” ASC-nin baş ofisinin binasının, eləcə də Sumqayıtda Karbamid zavodunun tikintisi kimi iri layihələri uğurla başa çatdırıblar. Biz hazırda qeyri-neft sektoru, kənd təsərrüfatı, gömrük və vergilər sahəsində aparılan çoxsaylı islahatların şahidiyik. Bu islahatlar Azərbaycanı Koreya şirkətləri üçün daha cəlbedici edə bilər. Vurğulamaq istərdim ki, Sumqayıtda tikintisi “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilmiş SOCAR Karbamid zavodunun işə salınması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına kömək edəcək və biz Koreya şirkətlərinin bu işdə fəal iştirakına görə qürur duyuruq”.

Kim Tonq Op qeyd edib ki, hazırda Azərbaycan öz logistika mərkəzi statusunu bərpa edir, çünki ölkə əlverişli coğrafi mövqeyi sayəsində tarixən Böyük İpək yolunun aparıcı hissəsi olub:

“Hazırda Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf strategiyası ilə birgə nəqliyyat dəhlizlərinin inkişafı ilə məşğuldur. Fikrimcə, Azərbaycanın regionda artan nüfuzu möhkəmlənməkdə davam edəcək. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının işə salınması investisiya və ticarət imkanlarının artacağını vəd edir. Bu məqamda vurğulamaq istərdim ki, hökumətimiz şimal regionları ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Bu məqsədlə 2017-ci ilin iyununda Şimal iqtisadi əməkdaşlığı üzrə Prezident komitəsi yaradılıb və bu qurum fəal şəkildə əməkdaşlıq layihələri həyata keçirir. Cənubi Koreya və Azərbaycanın inkişaf etmiş iqtisadi münasibətlərə malik olduğunu nəzərə alsaq, hesab edirəm ki, hər iki ölkə gələcəkdə bu imkanlardan faydalanacaq”.

Koreya səfiri deyib ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi altında aparılan ardıcıl islahatlar və Azərbaycan hökumətinin strateji inkişaf planı koreyalı iş adamlarının marağını cəlb edən mühüm amillərdir:

“Düşünürəm ki, daha çox Koreya şirkəti Azərbaycanda təkcə iri tikinti layihələrində, nəqliyyat və energetika sektorunda deyil, həm də qeyri-neft və yüksək texnologiyalar sahələrində imkanlardan istifadə etməyə çalışacaq”.

Mədəni-humanitar münasibətlər

Diplomatın fikrincə, mədəni və humanitar sahələrdə əməkdaşlıq son dərəcə vacibdir, çünki bu, Azərbaycanla Cənubi Koreya arasında ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün möhkəm əsas yaradır:

«Bununla əlaqədar olaraq Koreya hökuməti davamlı qarşılıqlı anlaşma məqsədilə bir sıra mədəni və maarifləndirici layihələr həyata keçirib. Hər il səfirlik “K-pop” müsabiqəsi, Azərbaycan universitetləri ilə birgə “Koreya haqqında viktorina” müsabiqəsi və taekvondo üzrə Səfir kuboku kimi mədəni tədbirlər təşkil edir və ya təşkilinə kömək edir. Həmçinin Bakıda müntəzəm olaraq ənənəvi Koreya geyimləri sərgiləri, Koreya mətbəxi festivalı keçirilir və ənənəvi Koreya musiqisi təqdim edilir. Bundan başqa, biz məcburi köçkünlərin məskunlaşdığı yerlərə səfərlər edirik. Azərbaycandakı Koreya şirkətləri və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası – SEBA kimi ictimai təşkilatlar da bu mühüm layihədə fəal iştirak edir”.

Səfir əlavə edib ki, Azərbaycanda Koreya sevərlərin çox olduğunu görmək xoşdur:

“Hələ 1994-cü ildə Azərbaycan Dillər Universitetində Koreya dili fakültəsi açılıb, 2007-ci ildə isə Bakı Dövlət Universitetində bakalavr dərəcəsində koreyaşünaslq ixtisası yaradılıb. Bundan başqa, 2011-ci ildə Xəzər Universiteti Koreya dili kursları təşkil edir, Naxçıvan Dövlət Universitetində isə Koreya Mərkəzi açılıb. 2018-ci ildə Koreya Fondu tərəfindən Bakı Dövlət Universitetində “Sei Jong” məktəbi yaradılıb. Ona görə də təəccüblü deyil ki, HANSAMO – Azərbaycanda Koreya Sevərlər Assosiasiyası yaradılıb və 2000-dən çox üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti