Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda keçirilən forumlar mədəniyyətlərarası vasitəçi rolunu oynaya bilər.
Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zamanı deyib.
O qeyd edib ki, mədəniyyətlərarası dialoq dünyada sülhün təmin olunmasında böyük rol oynayır: “Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməklə dünyaya mühüm töhfə verir. Biz Azərbaycan hökuməti ilə bu vasitəçilik missiyasını həyata keçirməkdə tərəfdaşlıq etməliyik. Bu forum dünya qarşısında dayanan məsələlərin müzakirəsi üçün çox səmərəli platformadır”.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.