...

Bakıda BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəliyinin ildönümü qeyd olunub

Siyasət Materials 27 Sentyabr 2019 19:03 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə nümayəndəliyinin 25-ci ildönümü münasibətilə yüksək səviyyəli rəsmi qəbul təşkil edilib.

Trend-in məlumatına görə, qəbul Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə BMT-nin Əhali Fondunun ötən dövr ərzində ölkədə fəaliyyətinə dəstək olan və mühüm töhfələr verən tərəfdaşları - rəsmi şəxslər, dövlət strukturlarının rəhbər şəxsləri və nümayəndələri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai bildirib ki, Azərbaycan hökuməti ilə 25 illik əməkdaşlığı ərzində BMT-nin Əhali Fondu milli inkişaf məqsədlərinə töhfə verməklə ölkədə Əhali və İnkişaf üzrə beynəlxalq konfransın gündəliyinin icrasına nail olmaq üçün vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəfdaşları ilə səylərini birləşdirə bilib.

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru Karl Kulessa Fondun fəaliyyətində mühüm çərçivələrdən biri olan, 25 il öncə Misirin Qahirə şəhərində keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) qəbul edilmiş fəaliyyət proqramının əhəmiyyətindən danışıb. Bu ilin noyabr ayında Keniyanın paytaxtı Nayrobidə təşkil ediləcək "ICPD-25" sammiti haqqında məlumat verən K.Kulessa sözügedən proqramın hədəflərinə nail olmaq məqsədilə qlobal və ölkə səviyyəsində bütün maraqlı tərəfləri daha sıx əməkdaşlığa çağırıb.

Tədbir zamanı BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən səmərəli və məhsuldar əməkdaşlığa görə fərqlənmiş tərəfdaşlarına xüsusi təşəkkür elan edilib.

Qeyd edək ki, BMT-nin Əhali Fondunun ölkədə həyata keçirdiyi fəaliyyətə dəstək nümayişi olaraq qarşıdan gələn Nayrobi "ICPD-25" Sammitinin əsas hədəfləri altına imzalarını qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti