Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Soçidə təşkil olunan Valday diskussiya klubunda iştirak və çıxış etməsi olduqca maraqla qarşılandı və mühüm siyasi ismarıclarla yadda qaldı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Valday diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır: "Budəfəki tədbirdə dünyanın 40-a qədər ölkəsindən çoxsaylı dövlət xadimləri, ictimai nüfuzlu şəxslər və media nümayəndələri iştirak edirdilər. Belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi. Prezident İlham Əliyev ilk növbədə Ermənistanın baş naziri N.Paşinyana və onun sərəsəm bəyanatlarına elə qətiyyətli və tutarlı cavab verdi ki, bu, işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiya Federasiyasından, Valday diskussiya klubu kimi nüfuzlu platformanın tribunasından cavab vrilməsinin özü olduqca ciddi bir ismarıcdır. Prezident İlham Əliyev "Qarabağ xalqı" kimi təxribatçı ifadələrə də cavab verərək qeyd etdi ki, bu, kökündən yanlış ifadədir, Qarbağ əhalisi var və bu, azərbaycalı və erməni icmasından ibarətdir. Münaqişə başlayanda bu nisbət 75-in 25-ə azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun Aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
H.Babaoğlu qeyd edib ki, bu qətiyyətli mövqe bir daha Azərbaycanın qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi: "Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, hzırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya-Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər səviyyəsində keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəzislik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında yol xəritəsinin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev Valday klubunun fəaliyyətini də yüksək qiymətləndiriərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma kimi qiymətləndirdi. Doğrudan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır".
H.Babaoğu əlavə edib ki, Azərbaycan Prezidentinin Soçiyə səfəri iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən münasibətlərin gələcək perspektivləri baxımından da olduqca önəmlidir.