...

MSK sədri: Bu adları bizə verin ki, barələrində ölçü götürək

Siyasət Materials 9 Fevral 2020 16:01 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov vəfat etmiş bir neçə şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə münasibət bildirib.
MSK sədri: Bu adları bizə verin ki, barələrində ölçü götürək

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov vəfat etmiş bir neçə şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə münasibət bildirib.

Trend-in məlumatına görə, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib: "Bu adları bizə verin ki, barələrində ölçü götürək. Bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə qeyri-adi vəziyyət idi".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti