...

İlyas Hüseynov: Azərbaycan Türk Şurasına sədrliyi dövründə təşkilatın dünyada nüfuzunun daha da artırılması istiqamətində səylərini genişləndirib

Siyasət Materials 11 Aprel 2020 16:07 (UTC +04:00)
İlyas Hüseynov: Azərbaycan Türk Şurasına sədrliyi dövründə təşkilatın dünyada nüfuzunun daha da artırılması istiqamətində səylərini genişləndirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Türk Şurasına üzv dövlətlər arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələr ərazisində qalan vətəndaşlara dəstək və yardım göstərmək üçün yaxşı imkanlar var. Azərbaycan Türk Şurasına sədrliyi dövründə təşkilatın dünyada nüfuzunun daha da artırılması istiqamətində səylərini genişləndirib .

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, aprelin 10-da Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Bu dəfə təşkil olunan Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub:

"Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra görüşün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Qeyd etmək lazımdır ki, Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da iştirak edib. Ötən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi və Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini genişləndirib.

İ.Hüseynov qeyd edib ki, bu gün koronavirus xəstəliyi sərhəd tanımayaraq yayılır və faciəvi nəticələrə gətirib çıxarır:

"Pandemiyanın bütün dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə, əməkdaşlığa və qarşılıqlı səmərəli fəaliyyətə ehtiyacı var. Xüsusilə qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirməyə nail oldu. Nümunəvi səviyyədə olan bu həmrəyliyin əsasında ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər dayanır. Azərbaycanın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdığını xüsusilə vurğulamaq lazımdır".

İ.Hüseynov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib:

"Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu səbəbdən də Zirvə görüşünün keçirilməsinin əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsi aparmaq, lazım olan anda bir-birinə dəstək göstərmək və xalqlar arasında həmrəyliyi möhkəmləndirməkdir".

Politoloq bildirib ki, Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü zamanı Prezident İlham Əliyev bildirib ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar:

"Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir. Qeyd etmək lazımdır ki, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşır, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Rəqəmlərə nəzər salsaq görərik ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Görülən bütün tədbirlər və atılan bütün addımlar vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti