...

Bəxtiyar Sadıqov: Dövlət başçısının tapşırığı ilə həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb

Siyasət Materials 22 Aprel 2020 12:15 (UTC +04:00)
Bəxtiyar Sadıqov: Dövlət başçısının tapşırığı ilə həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin tapşırığı ilə həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb. 15 mindən artıq 65 yaşdan yuxarı vətəndaşlara evlərində xidmət göstərilməsi alqışlanmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin vaxtında sərhədlərin bağlanması və insanların özünü təcrid etməsi üçün verdiyi qərarlar səmərəli oldu:

"Nəticədə bu gün Azərbaycan virusdan ən az zərər çəkən ölkələr sırasındadır. Bu, cənab Prezidentin müdrikliyi və düşünülmüş qərarları sayəsində oldu. Koronavirusla bağlı mübarizə çox çətin prosesdir. Bütün dünya, o cümlədən Azərbaycan indiyə qədər gözləmədiyi və düşmədiyi vəziyyətlə üzləşdi. Dünyanın əksər inkişaf etmiş nəhəng dövlətləri bu virusa qarşı mübarizədə aciz vəziyyətə düşdü. Bu proses dünya üçün bir sınaq oldu, dünyanın kiçik bir hissəsi olan Azərbaycandan da yan keçmədi. Amma Azərbaycan Prezidentinin vaxtında verdiyi qərarlar, qabaqlayıcı tədbirlər qısa müddətdə müsbət nəticəsini verdi. Dövlət başçısı Azərbaycan xalqına müraciət etdi, əhalinin evdə qalmasını tapşırdı, ölkədə müəyyən qadağalar qoyuldu".

Millət vəkili deyib ki, Prezidentin qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycanda virusun sürətli yayılmasının qarşısı alındı:

"Vətəndaşları özünü təcrid etməyə çağırmaq asan iş deyil. Dövlət başçısı bütün bu olacaqları əvvəlcədən düşünərək insanların sosial rifahının yaxşılaşdırılması üçün də əvvəlcədən qərarlar verdi. İşsiz insanlara maddi yardımların verilməsi, iqtisadiyyatın az zərər çəkməsi üçün sahibkarlara dövlət dəstəyi, işçilərə əmək haqlarının vaxtında verilməsi, yaşlı insanların müavinətlərinin gecikdirilməməsi bu prosesdə atılan ən uğurlu addımlardan oldu. Hətta dövlət başçısının tapşırığı ilə bu virusa yoluxmaqda həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb. 15 mindən artıq 65 yaşdan yuxarı vətəndaşlara evlərində xidmət göstərilməsi alqışlanmalıdır".

Deputat vurğulayıb ki, bu virus nəhəng dövlətlərə ciddi ziyan vurdu, minlərlə insanlar həyatını itirdi və bu proses hələ də davam edir:

"Azərbaycan isə hələ ki görülən qabaqlayıcı tədbirlər nəticəsində virusdan az ziyan çəkən dövlətlərdəndir. Biz hər birimiz bu uğura görə Azərbaycan Prezidentinə minnətdar olmalıyıq. Mən bir azərbaycanlı kimi, bir vətəndaş kimi bu vəziyyətlə qürur duyuram. Dünyanın nəhəng dövlətlərinin bu virusdan külli miqdarda ziyan çəkdiyi, minlərlə vətəndaşının həyatını itirdiyi halda, müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın koronavirusa qarşı səmərəli tədbirlər görməsi hər birimiz üçün qürur mənbəyidir. Azərbaycan Prezidenti qadağaları tətbiq etməzdən əvvəl insanların sosial rifahı üçün o qədər səmərəli tədbirlər gördü ki, insanlar ehtiyacdan küçələrə çıxmasın. Məsələ qərar vermək, qadağalar qoymaqda deyil. Cənab İlham Əliyev bir müdrik siyasətçi kimi, hər bir çətin vəziyyətdə hər bir vətəndaşının yanında olmağı bacardı və bir daha sübut etdi ki, o, hər bir vətəndaşın prezidentidir".

B.Sadıqov bildirib ki, görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını 2 dəfə üstələyib:

"Biz inanırıq ki, bu proses belə də davam edəcək və Azərbaycan koronavirusdan ən az zərər çəkən ölkələr sırasında olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti