...

Cəlil Xəlilov: Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur

Siyasət Materials 22 Aprel 2020 16:43 (UTC +04:00)

Bakı. Trend:

Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur. Prosesin məntiqi sonluğuna çatması üçün beynəlxalq təşkilatların da öz səylərini artırması zəruridir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bəyanatına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planı Azərbaycanın da maraqlaırna cavab verir:

“Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbaycanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində, Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi".

C.Xəlilov əlavə edib ki, bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir:

"Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.

Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqamətində uğura nail olmaq olar”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyalar blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti