...

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib

Siyasət Materials 7 May 2020 16:55 (UTC +04:00)
Mayın 7-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Regional  məsələlər  komitəsinin  onlayn iclası keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Mayın 7-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Trend-in məlumatına görə, komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlik barədə məlumat verib.

Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “Yaşayış minimumu haqqında”, “Qanın və qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.

Layihə barədə danışan Siyavuş Novruzov adları çəkilən sənədlərə təklif olunan düzəlişləri diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər redaktə xarakterlidir.

Onlayn iclasda iştirak edən komitə üzvləri Elşən Musayev, Tahir Rzayev, Nizami Cəfərov, Kamran Bayramov, Aqil Məmmədov, Cavid Osmanov, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Emin Hacıyev, Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirib, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra onlayn iclasda cari məsələlər barədə müzakirələr zamanı Regional məsələlər komitəsinin növbəti dövr üçün qanunvericilik fəaliyyəti və koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə fəaliyyət məhdudiyyətlərinin vaxtının uzadılması və yumşaldılması çərçivəsində qarşıda dayanan vəzifələr və görülən işlər haqqında komitə üzvləri öz fikirlərini bildiriblər.

Deputatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu infeksiyanın yayılmasının qarşısının alınması üçün vaxtında, çevik, operativ və düşünülmüş şəkildə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Bununla da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti