...

Sevil Mikayılova: İşğal olunmuş Dağlıq Qarabağda koronavirusa yoluxma halları beynəlxalq təşkilatlar üçün həyəcan siqnalı olmalıdır

Siyasət Materials 14 May 2020 15:58 (UTC +04:00)
Paşinyanın məsuliyyətsizliyi nəinki region üçün, eləcə də dünya üçün ağır fəsadlar törədəcəyi reallıqdır
Sevil Mikayılova: İşğal olunmuş Dağlıq Qarabağda koronavirusa yoluxma halları beynəlxalq təşkilatlar üçün həyəcan siqnalı olmalıdır

Bakı. Trend:

Azərbaycan dövlətinin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində hüququ bərpa olunmalıdır. Əks halda, regionda terrorizm, qaçaqmalçılıq və narkoticarətin mərkəzinə çevrilən, erməni işğalı altında olan Azərbaycan əraziləri faktiki koronavirus infeksiyasını yayan təhlükə mənbəyinə çevriləcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərində yaşayan insanlar arasında koronavirus infeksiyasına yoluxma halları beynəlxalq təşkilatlar üçün həyəcan siqnalı olmalıdır:

"Bu ərazilərdə yaşayan insanlar Paşinyan rejiminin əsirinə çevriliblər. Son zamanlar infeksiyaya yoluxma hallarının olmasına baxmayaraq, Dağlıq Qarabağdakı qondarma rejim pandemiya ilə bağlı məlumatları ört-basdır etməyə çalışır. Yalan rəqəmlər səsləndirməklə sanki vəziyyətə “nəzarət var” görüntüsü yaratmağa cəhd göstərirlər. Reallıqda isə vəziyyətə heç bir nəzarət yoxdur və virusun yayılma təhlükəsi gündən-günə artır. Nəhayət beynəlxalq təşkilatlar ağır pandemiya dönəmində faktiki beynəlxalq birliyin diqqətindən yayınmağa çalışan və beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozan qondarma rejimin böyük təhlükə mənbəyi olmasını bəyan etməlidirlər".

S.Mikayılova əlavə edib ki, bu gün Azərbaycan beynəlxalq birliyin koronavirus pandemiyası ilə mübarizədə öndə gedən ölkələrindən biridir:

"Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə göstərdiyi təşəbbüslər və əməli işlər dünya birliyinin bu məqsəd ətrafında daha sıx birləşməsini təmin edib. Xüsusilə, qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib və Prezident İlham Əliyevin regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb.

Beynəlxalq birlik, xüsusilə, Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə vermiş BMT Təhlükəsizlik Şurası və münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupu məsələyə sərt və qəti mövqe göstərməlidirlər. Çünki söhbət qlobal təhdiddən və bəşəri təhlükəsizlikdən gedir. Ermənistandakı siyasi rejim və baş nazir Nikol Paşinyanın məsuliyyətsizliyinin nəinki region üçün, eləcə də geniş miqyasda dünya üçün ağır fəsadlar törədəcəyi reallıqdır və bu məsələdə yekdil qərarın olması vacibdir.

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi zaman məsələsidir, lakin qlobal çağırışlar fonunda beynəlxalq birliyin pandemiya ilə mübarizədə gözləmə mövqeyində dayanması daha ağır nəticələr verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti