...

İtaliyanın Azərbaycandakı sabiq səfiri İtaliyanın Ermənistandakı sabiq səfirini Dağlıq Qarabağ münaqişəsi mövzusunda susdurdu

Siyasət Materials 15 May 2020 18:04 (UTC +04:00)
İtaliyanın Azərbaycandakı sabiq səfiri İtaliyanın Ermənistandakı sabiq səfirini Dağlıq Qarabağ münaqişəsi mövzusunda susdurdu

Bakı. Trend:

İtaliya mətbuatında İtaliyanın Azərbaycandakı sabiq səfiri, Azərbaycan Respublikasının Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta ilə İtaliyanın Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapini arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mübahisə baş verib.

İtalyan jurnalist Domeniko Letizianın “Un Mondo d’Italiani” online qəzetində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Azərbaycanın münaqişənin nizamlanmasına dair beynəlxalq sənədlərə əsaslanan haqlı mövqeyi və bu xüsusda, Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərinin geniş yer aldığı “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqaləsi İtaliyanın Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri B.Skapininin hiddətinə səbəb olub. B.Skapini qəzetin redaksiyasına göndərdiyi məktubunda italyan jurnalisti fikirlərinə görə tənqid edib, münaqişə ilə bağlı erməni tərəfinin iddialarını dəstəkləyən, tarixi və hüquqi faktları təhrif edərək ölkəmizə münasibətdə qərəzli fikirlərlə çıxış edib.

Buna cavab olaraq, İtaliyanın Azərbaycanda sabiq səfiri, Genuya şəhərində Azərbaycanın fəxri konsulu M.Kosta qəzetin redaksiyasına göndərdiyi məktub qəzetin saytında dərc olunub. Məktubunda M.Kosta jurnalist D.Letizianın fikirlərini müdafiə etdiyini və onları tam şəkildə bölüşdüyünü bildirib, B.Skapiniyə səslənərək, onun tanımadığı, bəlkə də heç zaman səfər etmədiyi bir ölkəni tənqid etməsinin və hansı tarix kitablarını jurnalistə oxumağı məsləhət bilməsinin təəccüb doğurduğunu deyib, eləcə də qarşı tərəfin iddialarını tarixi və hüquqi faktlarla alt-üst edib. B.Skapininin ərazinin “tarixən Artsax” adlandırılması ilə bağlı fikrinə münasibətdə isə M.Kosta bu sözün də ermənilərə heç bir aidiyyətinin olmadığını, türkcə izah olunduğu halda, bu sözün nə qədim, nə də müasir erməni dilində heç bir məna vermədiyini qeyd edib. Artsax sözünün qədim türk tayfası olan sakların adı ilə bağlı olduğunu və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verdiyini, bu adın eramızdan əvvəl II yüzillikdən etibarən istifadə edilməyə başlandığını, sonradan Qarabağ toponiminin istifadə edildiyini deyib. M.Kosta Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olan Qarabağın dağlıq hissəsi olduğunu deyib, Qarabağ sözünün mənasını izah edərək qədim dövrlərdən başlayaraq Rusiya imperiyası tərəfindən işğalına qədər bu ərazinin sonuncusu Qarabağ Xanlığı olmaqla müxtəlif Azərbaycan dövlətlərinə məxsus olduğunu vurğulayıb.

B.Skapininin Sovet İttifaqı dövründə Dağlıq Qarabağın hüquqi statusu və bu problemə münasibətdə öz müqəddəratını təyin etmə hüququnun tətbiqi ilə bağlı səthi və qərəzli fikirlərinə cavab olaraq, M.Kosta hər iki məsələyə münasibətdə hüquqi nöqteyi-nəzərdən geniş izahat verib. Dağlıq Qarabağın sovetlər dövründə Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusuna malik olduğunu, SSRİ daxilində müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydalarının SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edildiyini, müttəfiq respublikanın ərazisinin onun razılığı olmadan dəyişdirilməsinin mümkün olmadığını, müttəfiq respublikalar arasında sərhədlərin müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin mərkəzi orqanlarının müvafiq təsdiqi nəticəsində mümkün ola bildiyini, Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) münasibətdə isə bunun baş vermədiyini bildirib. SSRİ-nin dağılmasından sonra uti possidetis juris beynəlxalq hüquq doktrinasının yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil etdiyini, bu doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədlərinin beynəlxalq sərhədlər olaraq tanındığını bildirib. M.Kosta öz müqəddəratını təyin etmə prinsipinin hər hansı bir dövlətin tərkibindən ayrılmağa haqq qazandıran hüquq kimi təfsir edilə bilinməyəcəyini, öz müqəddəratını təyin etmə prinsipini “əsas gətirərək” müstəqil Azərbaycanın tərkibindən ayrılmağın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş dövlətlərin ərazi bütövlüyü və digər müvafiq prinsiplərinin pozulması demək olduğunu qeyd edib. M.Kosta münaqişədən əvvəl Dağlıq Qarabağda erməni və Azərbaycan icmalarından ibarət əhalinin yaşadığını, lakin Ermənistan ordusunun həmin ərazidən azərbaycanlıları tam şəkildə qovduğunu bildirib, azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından sonra Azərbaycan və erməni icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları çərçivəsində öz müqəddəratını təyin etmək hüququndan tam faydalanmaq haqqına sahib olduqlarını vurğulayıb.

B.Skapininin Xocalı qətliamını, Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan bütün azərbaycanlıların qovulmasını unutduğunu bildirən M.Kosta 750 min azərbaycanlı məcburi köçkünün öz torpaqlarından və evlərindən qovulması faciəsinin canlı şahidi olduğunu, bu insanlar üçün ENİ şirkəti tərəfindən 2003-cü ildə tikilmiş evlərdən ibarət qəsəbənin açılışında iştirak etdiyini deyib. M.Kosta Bakının tam mərkəzində yerləşən erməni kilsəsinə heç bir zərər vurulmadığı halda, işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələrinin dağıdıldığını bildirib.

Qafqazı anlamaq üçün “Əli və Nino” kitabını oxumağı məsləhət görən M.Kosta yazısını bu fikirlərlə tamamlayıb: “Fürsətdən istifadə edərək həmkarım səfir Skapinini Azərbaycana səfərə dəvət edirəm və onu bu gözəl ölkəyə səfərdə məmnuniyyətlə müşayiət də edərəm”.

Aidiyyəti yazılarla aşağıdakı keçidlərlə tanış olmaq mümkündür:

https://www.unmondoditaliani.com/elezioni-a-nagorno-karabakh/

https://www.unmondoditaliani.com/nagorno-karabakh-guerra-epistolare-lambasciatore-ditalia-in-azerbaigian-costa-vs-lambasciatore-in-armenia-scapini/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti