...

Alim: 1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi

Siyasət Materials 28 May 2020 09:12 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, müsəlman Şərqi üçün böyük əhəmiyyət kəsb edib.
Alim: 1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, eləcə də Şərq üçün böyük əhəmiyyət kəsb edib.

Bunu Trend-ə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, bu cümhuriyyətin qurulması çar Rusiyasında baş verən inqilabların nəticəsi, süqutu ilə yanaşı, millətin özünün ortaya qoyduğu milli ideyanın qanunauyğun sonluğu idi:

"1918-ci il mayın 28-də Azərbaycan türkləri bir daha sübut etdilər ki, yeni dövrdə də demokratik cümhuriyyət qurmağa qadir və layiqdirlər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ideoloq M.Ə.Rəsulzadə istiqlala aparan Azərbaycan milli ideyasını hər şeydən əvvəl Qafqaz türkləri ilə İran türklərini birləşdirən, onların bir-birindən ayrı deyil, vahid ulus olması anlamında irəli sürüb. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü Azərbaycan milli ideyasının əsasını Dərbənddən Kəngər korfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənəyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan Azərbaycan türklərinin, Azərbaycan xalqının vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada, Rəsulzadə hələ istiqlaldan əvvəlki məqalələrində "Azərbaycan türkləri", "Azərbaycan muxtariyyəti" anlayışlarına geniş yer verib, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edib. 1917-ci ilin mayında Moskvada keçirilən Birinci Rusiya müsəlmanları qurultayında digər türk xalqları ilə yanaşı, "Azərbaycan muxtariyyəti" ideyasını da irəli sürən Rəsulzadə artıq həmin ilin sonunda "Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almaldır" deyə, fikrini açıq şəkildə ifadə etmişdir. "Azərbaycan muxtariyyəti" ideyasını Nəsib bəy Yusifbəyli ilə bir yerdə ortaya atan Rəsulzadə, bununla da yeni bir türk dövlətinin yaranması yolunda ciddi zəmin hazırlamış, eyni zamanda "Qafqaz" türkləri ilə "İran" türklərinin ortaq gerçək adını da dəqiqləşdirmişdir: Azərbaycan türklüyü, Azərbaycan xalqı!"

F.Ələkbərli qeyd edib ki, həmin dövrdə müstəqil Azərbaycan türkçülüyünün, ya da azərbaycançılığın əleyhinə olan əsas qüvvələr rusiyaçılar, ittihadçılar, irançılar idilər:

"Məsələn, "Azərbaycan türklüyü", ya da "Azərbaycan" milli ideyası ortaya atıldığı zaman Şimali Azərbaycanda İslam birliyindən çıxış edən ittihadçılarla "Böyük Rusiya" xülyasından qurtulmayan sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) birmənalı şəkildə buna qarşı çıxırdılar. "Azərbaycan muxtariyyəti" ideyasını ittihadçılar islam birliyinin parçalanması, sosialistlər isə Rusiya demokratiyasından ayrı düşmək kimi yozurdular. Azərbaycan milli ideyasının əleyhdarları olan ittihadçılarla sosial-demokratlar bu fikirlərini Azərbaycan Cümhuriyyəti yaranana qədər davam etdirdilər. Yalnız 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti adlı yeni dövlətin bəyan edilməsindən sonra azərbaycanlı ittihadçılarla demokratlar da Azərbaycan milli ideyasına sahiblənməyə başladılar".

Alim əlavə edib ki, Rəsulzadə Azərbaycan türkçülüyünü, yaxud azərbaycançılığı birmənalı şəkildə "Rusiya Azərbaycanı"na və "İran Azərbaycanı"na qarşı qoymuşdur. Yəni Rəsulzadənin ortaya atdığı "Azərbaycanizm"in mahiyyətində məhz türklçülük və azərbaycançılıq dayanırdı. Başqa sözlə, Şimali Azərbaycan türkləri bir tərəfdən 90 ilə yaxın Rusiyanın işğalı altında olduğu üçün ruslaşdırma siyasətinin qurbanı olmuşlar, digər tərəfdən Qacarlar dövlətinə son vermək niyyətində olan farslarla, onların təsiri altına düşmüşlərə qarşı mübarizə apararaq Azərbaycan türkçülüyünü, azərbaycançılığı müdafiə etmişlər.

Azərbaycan milli ideyasının müəllifi olan M.Ə.Rəsulzadə Cümhuriyyət dövründə türk dövlətinə belə bir adın verilməsini üç faktorla izah etmişdir:

1) "Qafqaz Azərbaycanı" və "İran Azərbaycanı"nda məskunlaşmış türklər tarixən milli kimlik anlamında "Azərbaycan"la bağlı olmuş, bu anlamda milli kimliyi "Azərbaycan türkü", milli dili "Türk dili", ya da Türk dilinin Azərbaycan şivəsi adlandırılmışdır;

2) Quzeyli-güneyli Azərbaycan türkləri dil, din, etnik, mədəni və sosial baxımdan tarixən vahidlik təşkil etmişdir;

3) Qafqaz türklərinin yaşadıqları coğrafiya da tarixən "Azərbaycan" adını daşımışdır. Rəsulzadənin bu izahlarının nəticəsi olaraq da çox keçmədən milli sosialistlərin, milli ittihadçıların çoxu "Müstəqil Azərbaycan" ideyasını müdafiə etməyə başladılar.

M.Ə.Rəsulzadə 1918-ci ilin 10 dekabrında parlamentin 2-ci iclasındakı çıxışında Azərbaycan milli ideyasının şüurlarda qazanılmış bu uğurunu nəzərdə tutaraq deyirdi: "Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir".

F.Ələkbərli bildirib ki, cümhuriyyət dövründə ortaya qoyulmuş milli-demokratik əməllər, insan hüquq və azadlıqları azərbaycanılar üçün gerçək bir örnəkdir. Azərbaycan Cümhuriyyəti kimi tanınan bu milli-demokratik dövlətin qurucuları önündə, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir Azərbaycan türkü, azərbaycanlı baş əyməli, onların xatirələrinə hörmət göstərməlidirlər:

"Ən azı ona görə ki, cümhuriyyətin qurucuları Azərbaycan türklərinə, bütün azərbaycanlılara böyük və müqəddəs bir ad - Azərbaycan Cümhuriyyəti adını əmanət qoyublar! Biz hamımız bu adla fəxr etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti